< Vəhy 21 >

1 Mən yeni bir göy və yeni bir yer gördüm. Çünki əvvəlki yerlə əvvəlki göy keçib getmişdi, dəniz də artıq yox idi. 2 Mən müqəddəs şəhərin – yeni Yerusəlimin göydən, Allahın yanından endiyini gördüm. Şəhər öz bəyi üçün bəzədilmiş gəlin kimi hazırlanmışdı. 3 Taxtdan belə deyən uca bir səs eşitdim: «Budur, Allahın məskəni insanların arasındadır. Allah onlarla birgə məskən salacaq; onlar Onun xalqı olacaq, Allah Özü onların Allahı olaraq aralarında yaşayacaq. 4 Allah onların bütün göz yaşlarını siləcək. Artıq ölüm olmayacaq. Yas, nalə və ağrı bir daha olmayacaq. Çünki əvvəlki şeylər keçib getdi». 5 Taxtda Oturan dedi: «Budur, Mən hər şeyi yenidən qururam». Yenə dedi: «Yaz, çünki bu sözlər etibarlı və həqiqidir». 6 O mənə dedi: «Tamam oldu! Alfa və Omeqa, Başlanğıc və Axır Mənəm. Mən susayana həyat suyunun qaynağından müftə su verəcəyəm. 7 Qalib gələn bunları irs alacaq; “Mən ona Allah, o isə Mənə oğul olacaq”. 8 Qorxaqların, imansızların, iyrənclərin, qatillərin, əxlaqsızların, sehrbazların, bütpərəstlərin və bütün yalançıların aqibəti isə od və kükürdlə yanan göldə olacaq; bu, ikinci ölümdür». (Limnē Pyr g3041 g4442) 9 Son yeddi bəla ilə dolu yeddi nimçəsi olan yeddi mələkdən biri gəlib mənimlə danışaraq dedi: «Gəl, mən sənə Quzunun arvadı olacaq gəlini göstərim». 10 O məni Ruhda böyük və uca bir dağın başına apardı. Oradan mənə göydən, Allahın yanından enən müqəddəs şəhəri, Yerusəlimi göstərdi. 11 Allahın ehtişamı orada idi; oradakı işıq ən qiymətli daş – büllur yəşəm daşı kimi parıldayırdı. 12 Oranın böyük və uca divarı, on iki darvazası var idi. Darvazalarda on iki mələk durmuşdu. Darvazaların üstündə İsrailin on iki qəbiləsinin adı həkk olunmuşdu. 13 Şərqdə üç darvaza, şimalda üç darvaza, cənubda üç darvaza və qərbdə üç darvaza var idi. 14 Şəhər divarının on iki təməli var idi və təməllərin üstündə Quzunun On İki həvarisinin adı var idi. 15 Mənimlə danışan mələyin əlində şəhəri, oranın darvazalarını və divarını ölçmək üçün bir qızıl ölçü qamışı var idi. 16 Şəhər dördbucaqlı şəklində idi və oranın uzunluğu eninə bərabərdir. Mələk qamışla şəhəri ölçdü: oranın uzunluğu, eni və hündürlüyü bərabər olub 12 000 stadi idi. 17 O, şəhərin divarını da ölçdü: onun hündürlüyü mələyin istifadə etdiyi insan ölçüsünə görə 144 qulac idi. 18 Divar yəşəm daşından tikilmişdi, şəhər isə şəffaf şüşəyə bənzər saf qızıldan idi. 19 Şəhər divarının təməlləri hər cür qiymətli daşla – birinci təməl yəşəmlə, ikincisi göy yaqutla, üçüncüsü əqiqlə, dördüncüsü zümrüdlə, 20 beşincisi damarlı əqiqlə, altıncısı qırmızı əqiqlə, yeddincisi sarı yaqutla, səkkizincisi berillə, doqquzuncusu topazla, onuncusu zəbərcədlə, on birincisi sirkonla, on ikincisi ametistlə bəzədilmişdi. 21 On iki darvaza on iki mirvaridən idi, hər darvaza bir mirvaridən düzəldilmişdi. Şəhərin baş küçəsi isə şüşə kimi şəffaf olan xalis qızıldan idi. 22 Mən orada məbəd görmədim, çünki oranın məbədi Külli-İxtiyar Rəbb Allah və Quzudur. 23 Şəhərin işıqlanması üçün nə günəşə, nə də aya ehtiyacı var, çünki Allahın ehtişamı oranı işıqlandırır, Quzu da oranın çırağıdır. 24 Millətlər şəhərin işığında gəzəcək, yer üzünün padşahları cah-calalını oraya gətirəcək. 25 Oranın darvazaları gündüz heç bağlanmayacaq, orada gecə olmayacaq. 26 Millətlərin cah-calal və şərəfi oraya gətiriləcək. 27 Oraya murdar olan heç bir şey, iyrənc iş görən və yalan danışan heç kim əsla girməyəcək, yalnız adları Quzunun həyat kitabına yazılanlar girəcək.

< Vəhy 21 >