< Vəhy 16 >

1 Mən məbəddən yeddi mələyə «gedin, Allahın hiddətinin yeddi nimçəsini yer üzünə boşaldın» deyən uca bir səs eşitdim. 2 Birinci mələk gedib öz nimçəsini quruya boşaltdı və vəhşi heyvanın damğasını daşıyan, onun surətinə səcdə edən adamlarda pis və ağrılı yaralar əmələ gəldi. 3 İkinci mələk öz nimçəsini dənizə boşaltdı və dəniz ölünün qanına bənzər qatı qana döndü, dənizdə olan bütün canlı varlıqlar məhv oldu. 4 Üçüncü mələk öz nimçəsini çaylara və su qaynaqlarına boşaltdı və onlar qana döndü. 5 Onda mən sular mələyinin belə dediyini eşitdim: «Ey Var Olan, Var Olmuş, Müqəddəs Olan, Sən ədalətlisən ki, belə hökm çıxartdın. 6 Çünki müqəddəslərin və peyğəmbərlərin qanını tökdülər. Sən də onlara içmək üçün qan verdin. Onlar buna layiqdir». 7 Qurbangahdan gələn bir səs də eşitdim: «Bəli, ey Külli-İxtiyar Rəbb Allah, Sənin hökmlərin həqiqi və ədalətlidir». 8 Dördüncü mələk öz nimçəsini günəşə boşaltdı və ona adamları odla qarsalamaq gücü verildi. 9 Adamları qızmar isti qarsaladı və onlar bu bəlaları idarə edən Allahın adına küfr etdilər, lakin tövbə edib Onu izzətləndirmədilər. 10 Beşinci mələk öz nimçəsini vəhşi heyvanın taxtına boşaltdı və onun padşahlığını qaranlıq bürüdü. Adamlar iztirabdan dillərini dişlərinə sıxdılar 11 və öz iztirab və yaralarına görə göylərin Allahına küfr etdilər, lakin öz əməllərindən tövbə etmədilər. 12 Altıncı mələk öz nimçəsini böyük Fərat çayına boşaltdı və onun suyu qurudu ki, gündoğandan gələn padşahlar üçün yol açılsın. 13 Gördüm ki, əjdahanın ağzından, vəhşi heyvanın ağzından və yalançı peyğəmbərin ağzından qurbağaya bənzər üç natəmiz ruh çıxır. 14 Bunlar əlamətlər göstərən cin ruhlarıdır və bütün dünyanın padşahlarının yanına gedirlər ki, onları Külli-İxtiyar Allahın böyük günündə baş verəcək döyüşə toplasınlar. 15 Rəbb deyir: «Budur, oğru kimi gəlirəm; oyaq qalan, çılpaq gəzərək ayıbını göstərməmək üçün paltarlarını əynində saxlayan kəs nə bəxtiyardır!» 16 Bu ruhlar padşahları ibranicə Har-Magedon adlanan yerə topladı. 17 Yeddinci mələk öz nimçəsini havaya boşaltdı və məbəddəki taxtdan «Tamam oldu!» deyən uca bir səs gəldi. 18 Onda şimşək, uğultu, göy gurultusu və böyük bir zəlzələ baş verdi. Zəlzələ elə güclü idi ki, insanın yer üzündə yaşamağa başladığı dövrdən bəri bundan böyüyü olmamışdı. 19 Böyük şəhər üç yerə bölündü və millətlərin şəhərləri dağıldı. Allah tərəfindən böyük Babil yada salındı ki, Allahın şiddətli qəzəb şərabı ilə dolu kasa ona verilsin. 20 Bütün adalar aradan qalxdı və dağlar yox oldu. 21 Göydən adamların üstünə hərəsinin çəkisi bir talant olan böyük dolu dənələri yağdı. Adamlar dolu bəlasına görə Allaha küfr etdilər, çünki bu bəla çox şiddətli idi.

< Vəhy 16 >