< Zəbur 99 >

1 Rəbb hökmranlıq edir, qoy xalqlar titrəsin, O, keruvlar üstündəki taxtındadır, qoy yer üzü lərzəyə gəlsin! 2 Sionda olan Rəbb əzəmətlidir, O bütün xalqların üzərindədir, yüksəkdədir. 3 Qoy böyük, zəhmli adına şükür etsinlər! O müqəddəsdir! 4 Ey ədalətsevər güclü Padşah, İnsafı bərqərar edən Sənsən, Yaqub nəslinə ədalət və salehliyi göstərmisən. 5 Allahımız Rəbbi ucaldın, Ayaqlarına düşüb səcdə qılın, O müqəddəsdir! 6 Onun kahinləri arasında Musa ilə Harun olub, Onun adını çağıranlar arasında Şamuel olub. Onlar Rəbbə yalvararkən O cavab verərdi. 7 Bulud sütununun içindən onlarla danışdı, Onun göstərişlərinə, Onlara verdiyi qaydalarına bağlı qaldılar. 8 Ya Rəbb Allahımız, Sən onlara cavab verdin, Pis əməllərinin cəzasını versən də, Bağışlayan Allah olduğunu onlara göstərdin. 9 Allahımız Rəbbi ucaldın, Müqəddəs dağında Ona səcdə qılın, Çünki Allahımız Rəbb müqəddəsdir!

< Zəbur 99 >