< Zəbur 98 >

1 Məzmur. Rəbbə yeni bir ilahi oxuyun, Çünki O, xariqələr yaratdı. O, sağ əli ilə, Öz müqəddəs qolu ilə zəfərlər qazandı. 2 Rəbb zəfərini bəyan etdi, Millətlərin gözündə salehliyini aydın göstərdi. 3 İsrail nəslinə Göstərdiyi məhəbbətini və sədaqətini xatırladı. Yer üzünün qurtaracağınadək hər yerdə Allahımızın zəfərini gördü. 4 Ey bütün dünya, cuşa gəlib Rəbbə nida et, Birdən nida edin, mədh, tərənnüm səsini ucaldın! 5 Rəbbi lira ilə – Lira ilə, ilahi bir səslə tərənnüm edin! 6 Kərənay, şeypur səsi ilə, Padşah olan Rəbbin hüzurunda cuşa gəlin, Ona nida edin! 7 Qoy dənizin və dənizdəki canlıların, Yer üzü və orada yaşayanların səsi ucalsın. 8 Onun hüzurunda qoy çaylar əl çalsın, Dağlar birgə mədh oxusun! 9 Çünki Rəbb dünyaya hökm etmək üçün gəlir. Yer üzünə ədalətlə, Xalqlara insafla hökm edəcək!

< Zəbur 98 >