< Zəbur 95 >

1 Gəlin Rəbbi mədh edək, Bizi qurtaran Qayaya sevincdən cuşa gələrək nida edək, 2 Şükür edərək hüzuruna gedək, Cuşa gəlib ilahilərlə Ona nida edək! 3 Axı Rəbb böyük Allahdır, Bütün allahlar üzərində əzəmətli Padşahdır. 4 Yerin dərin qatları Onun əlindədir, Həm də dağların zirvələri Onundur, 5 Onunkudur dəniz, Özü yaratmış, Torpağı əlləri qurmuş! 6 Gəlin Ona səcdə edək, əyilək, Bizi yaradan Rəbbin hüzurunda diz çökək. 7 Çünki O, Allahımızdır, Biz Onun otlağının xalqıyıq, Əlinin altındakı sürüsüyük. Əgər bu gün Onun səsini eşitsəniz, 8 «Qoy ürəkləriniz Merivada olduğunuz kimi, Səhradakı Massada keçən gündə olduğu kimi inadkar olmasın. 9 Orada atalarınız Məni sınadılar, Əməllərimi görsələr də, Məni yoxladılar. 10 Qırx il o nəsildən zəhləm getdi. Dedim: “Onlar azğın ürəkli xalqdır, Yollarımı tanımır”. 11 Buna görə qəzəblənib and içmişəm: “Onlar Mənim rahatlıq diyarıma girməyəcəklər”».

< Zəbur 95 >