< Zəbur 85 >

1 Musiqi rəhbəri üçün. Qorah övladlarının məzmuru. Ya Rəbb, ölkədən razı qaldın, Yaqub nəslini bəxtəvər günlərə qaytardın. 2 Xalqının təqsirlərini bağışladın, Bütün günahlarını əfv etdin. (Sela) 3 Sən bütün hirsini uddun, Qızğın qəzəbini yatırdın. 4 Ey bizi qurtaran Allah, Bizə bəxtəvər günlərimizi qaytar. Bizə qarşı hiddətindən əl çək. 5 Əbədilikmi bizə acığın tutacaq? Qəzəbin nəsildən-nəslə qədərmi uzanacaq? 6 Xalqın Səndən sevinc alsın deyə Bizi yenə dirçəltməyəcəksənmi? 7 Ya Rəbb, bizə məhəbbətini göstər, Bizi xilas et. 8 Rəbb Allah nə söyləsə, dinləyirəm. Sözləri xalqına, möminlərinə sülh bəyan edər ki, Onlar öz cəhalətlərinə dönməsinlər. 9 Bəli, Rəbb Ondan qorxanları qurtarmaq üçün, Ehtişamını ölkəmizdə saxlamaq üçün yaxınlaşır! 10 Məhəbbətlə həqiqət bir-birinə qovuşacaq, Salehliklə əmin-amanlıq bir-biri ilə öpüşəcək. 11 Həqiqət yerdə bitib-göyərəcək, Ədalət göylərdən baxacaq. 12 Bəli, Rəbb ən yaxşı şeyləri göndərəcək, Torpağımız bol məhsul verəcək. 13 Ədalət Rəbbin önündə addımlayar, Qədəmləri üçün cığır salar.

< Zəbur 85 >