< Zəbur 84 >

1 Musiqi rəhbəri üçün. Qorah övladlarının «Gittit» üstə oxunan məzmuru. Ey Ordular Rəbbi, məskənin nə qədər əzizdir, 2 Qəlbim Rəbbin həyətinin həsrətindədir, Könlüm, cismim var olan Allaha mədh oxuyur. 3 Ey Ordular Rəbbi, Padşahım, Allahım, Qurbangahının yaxınında sərçələr yurd salar, Qaranquş bala çıxartmaq üçün yuva qurar. 4 Nə bəxtiyardır evində yaşayanlar, Daim Sənə həmd oxuyanlar! (Sela) 5 Nə bəxtiyardır Səndən qüvvət alanlar, Qəlbində Sionu ziyarət etməyi arzulayanlar! 6 Baka vadisindən keçərkən Onlara çağlayan bulaqlar görünər, İlk yağışdan ora gölməçələrə bürünər. 7 Bu adamlar getdikcə qüvvət alarlar, Sionda Allahın hüzurunda olarlar. 8 Ya Rəbb, ey Ordular Allahı, duamı dinlə, Ey Yaqubun Allahı, qulaq as! (Sela) 9 Ey Allah, bizə sipər olana bax, Məsh etdiyinin üzünə bax! 10 Sənin həyətində keçən bir günüm Başqa yerdə keçən min günümdən yaxşıdır. Allahımın evinin keşiyində dayanmağım Pislərin çadırında rahat ömür sürməkdən yaxşıdır. 11 Axı Rəbb Allah günəşdir, sipərdir, Rəbb lütf və şərəf verir, Xeyirxahlığını düz yolla gedənlərdən əsirgəmir. 12 Ey Ordular Rəbbi, Sənə güvənən nə bəxtiyardır!

< Zəbur 84 >