< Zəbur 8 >

1 Musiqi rəhbəri üçün. Davudun «Gittit» üstə oxunan məzmuru. Ey Xudavəndimiz Rəbb, İsmin bütün yer üzündə nə qədər əzəmətlidir! Ehtişamın göylərə qalxır! 2 Düşməni və qisasçını susdurmaq üçün Körpələrin və çağaların səsi ilə Yağılarına qarşı qala qurdun. 3 Əllərinin işi olan göyləri, Öz yerinə düzdüyün ay və ulduzları gördükdə deyirəm: 4 «İnsan kimdir ki, onun haqqında düşünürsən? Bəşər oğlu kimdir ki, onun qayğısını çəkirsən?» 5 Onu Allahdan bir az aşağı yaratdın, İzzət və əzəmət tacını onun başına qoydun, 6 Əllərinin işləri üzərində onu hökmdar etdin. Hər şeyi onun ayağının altına qoydun: 7 Bütün sürü və naxırları, Çöldə yaşayan heyvanları, 8 Göydəki quşları, dənizdəki balıqları, Dəryalarda üzənlərin hamısını. 9 Ey Xudavəndimiz Rəbb, İsmin bütün yer üzündə nə qədər əzəmətlidir!

< Zəbur 8 >