< Zəbur 75 >

1 Musiqi rəhbəri üçün Asəfin «Al-taşxet» üstə oxunan məzmuru. Bir ilahi. Ey Allah, biz Sənə şükür edirik, Bizə doğma olan isminə şükür olsun, Xariqələrin bunu bəyan edir! 2 Allah deyir: «Müəyyən etdiyim zaman Mən insafla hakimlik edəcəyəm. 3 Yer və üzərindəkilər lərzəyə gələrkən Onu saxlayıb sütunlarından tutan Mənəm. (Sela) 4 Məğrurlara dedim: “Daha məğrurluq etməyin”, Pislərə dedim: “Gücünüzü göstərməyin, 5 Buynuz çıxartmayın, Dikbaş-dikbaş danışmayın”». 6 İnsanı yüksəltmək Nə şərqdən, nə qərbdən, nə də çöllərdən gəlir. 7 Hökm verən Allah isə Həm alçaldır, həm yüksəldir. 8 Rəbb əlində bir cam tutub, Onu ədviyyatlı, köpüklənən şərabla doldurub. Şərabından töküb dünyanın bütün pislərinə paylayacaq, Onlar da şərabı dibinə qədər içib-qurtaracaq. 9 Mənsə daim bunu elan edəcəyəm, Yaqubun Allahına tərənnüm oxuyacağam. 10 Pis adamların buynuzları qırılacaq, Amma salehlərin qüvvəti artacaq.

< Zəbur 75 >