< Zəbur 67 >

1 Musiqi rəhbəri üçün simli alətlərin müşayiəti ilə oxunan məzmur. Bir ilahi. Lütf edib, ey Allah, bizə xeyir-dua ver, Üzün üstümüzə nur saçsın. (Sela) 2 Qoy yer üzündə Sənin yolun, Bütün millətlər arasında qurtuluşun tanınsın. 3 Ey Allah, Sənə xalqlar şükür etsin, Qoy Sənə bütün xalqlar şükür etsin. 4 Qoy ümmətlər sevinclə Səni mədh etsin, Çünki xalqlara insafla hökm edirsən, Yer üzündəki ümmətlərə yol göstərirsən. (Sela) 5 Ey Allah, Sənə xalqlar şükür etsin, Qoy Sənə bütün xalqlar şükür etsin. 6 Yer üzü bəhrəsini verib, Allah, bizim Allahımız bizə bərəkət verib. 7 Allah bizə xeyir-dua verib. Qoy yer üzünün qurtaracağınadək hər yerdə olanlar Ondan qorxsun!

< Zəbur 67 >