< Zəbur 64 >

1 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Ey Allah, eşit səsimi, Sənə şikayət edirəm, Həyatımı düşmən vahiməsindən qoru. 2 Pislərin fəndlərindən, Şər iş görənlərin vəlvələsindən Məni qoru. 3 Onlar qılınc kimi dillərini itiləyirlər, Kamanın üstünə ox kimi acı sözlərini qoyurlar, 4 Günahsız insana pusqu qurduqları yerlərdən Qəfildən, çəkinmədən atırlar. 5 Bir-birlərini şər iş görməkdə cəsarətləndirirlər, Gizlənib tələ qurmaq üçün məsləhət edirlər, «Bunu kim görəcək?» deyirlər. 6 Fitnəkarlıqla qəsd qururlar və belə deyirlər: «Ustalıqla fənd işlətdik». İnsanın daxili, qəlbi görünməz. 7 Lakin Allah onlara ox atacaq, Onlar qəflətən yaralanacaq. 8 Öz dilləri özlərini yıxacaq, Onları görənlər başını bulayıb xor baxacaq. 9 Bütün insanlar qorxacaq, Allahın əməllərini bəyan edəcək, Onun işləri barədə düşünəcək. 10 Saleh insan Rəbbə görə sevinəcək, Ona pənah gətirəcək. Bütün ürəyidüz insanlar Rəbbə həmd edəcək!

< Zəbur 64 >