< Zəbur 62 >

1 Musiqi rəhbəri Yedutun üçün. Davudun məzmuru. Susan qəlbim yalnız Allahı gözləyir, Ondadır qurtuluşum. 2 Yalnız Odur qayam, qurtuluşum, O mənim qalamdır, mən əsla sarsılmaram. 3 İnsan divar kimi əyiləndə, Hasar kimi laxlayanda Nə vaxtadək üstünə hücum edəcəksiniz? Nə vaxtadək onu əzəcəksiniz? 4 Yalnız fikirləşirsiniz, onu nüfuzdan salaq, Çünki yalandan zövq alırsınız. Diliniz xeyir-dua söyləsə də, Qəlbiniz lənət yağdırır. (Sela) 5 Ey qəlbim, sükutla Allahı gözlə, Çünki ümidim Ondadır. 6 Qayam, qurtuluşum yalnız Odur, O mənim qalamdır, mən sarsılmaram. 7 Qurtuluşum, şərəfim Allaha bağlıdır, Allah möhkəm qayam və pənahımdır. 8 Ey xalq, hər zaman Ona arxalan, Onun hüzurunda qəlbini açıb-boşalt, Çünki Allah bizim pənahımızdır! (Sela) 9 Bəşər övladları yalnız bir nəfəsdir – İnsan övladları fanidir. Tərəzinin gözündə çəkərkən hamısı yuxarı qalxır, Çəkisi bir nəfəsdən yüngül gəlir. 10 Heç zaman zorakılığınıza güvənməyin, Talan malına boş yerə ümid bağlamayın, Var-dövlətiniz artsa da, ona arxalanmayın. 11 Allah bir dəfə dedi, Bunu iki dəfə eşitdim: Qüdrət Allahındır, 12 Ey Xudavənd, məhəbbət Sənindir! Sən hər kəsə əməlinə görə əvəz verirsən!

< Zəbur 62 >