< Zəbur 61 >

1 Musiqi rəhbəri üçün. Davudun simli alətlərin müşayiəti ilə oxunan məzmuru. Ey Allah, fəryadımı eşit, Duamı dinlə. 2 Düşkünlük qəlbimi alıb, Mən dünyanın ucqarından Səni çağırıram. Sən məni əlçatmaz bir qayaya apar. 3 Çünki Sən mənim pənahgahımsan, Düşmənə qarşı möhkəm qülləsən. 4 Qoy sonsuzadək çadırında yaşayım, Qanadlarının altında pənah tapım. (Sela) 5 Sən, ey Allah, etdiyim əhdi eşitdin, Adından qorxanlara təyin etdiyin payı mənə verdin. 6 Sən ömür ver, qoy padşahın yaşasın, İlləri nəsillərdən-nəsillərə qədər uzansın. 7 Allahın hüzurunda daim taxtda otursun, Məhəbbət və sədaqət ver, onu qorusun. 8 Mənsə adını həmişə tərənnüm edəcəyəm, Hər gün əhd etdiyim təqdimləri verəcəyəm!

< Zəbur 61 >