< Zəbur 6 >

1 Musiqi rəhbəri üçün. Davudun səkkiz simli alətlərin müşayiəti ilə oxunan məzmuru. Ya Rəbb, qəzəblənib məni töhmətləndirmə, Hiddətlənib məni tənbeh etmə. 2 Ya Rəbb, mənə rəhm et, Çünki taqətim qalmayıb. Mənə şəfa ver, ya Rəbb, Sümüklərim sızlayır. 3 Canıma vəlvələ düşüb. Ya Rəbb, bu nə vaxtadək olacaq? 4 Ya Rəbb, gəl, mənə kömək et, Məhəbbətin naminə məni xilas et! 5 Ölüb-gedən insan Səni xatırlamaz. Axı ölülər diyarından kim Sənə şükür edəcək? (Sheol h7585) 6 Öz ah-naləmdən bezmişəm, Hər gecə ağlamaqdan döşəyim islanır, Göz yaşlarımdan yatağım yaş olur. 7 Qəmdən gözümün nuru sönüb, Gözlərim düşmənləri görməkdən zəifləyib. 8 Siz ey şər iş görənlər, məndən uzaq durun! Çünki Rəbb hönkürtümü eşitdi, 9 O, yalvarışımı dinlədi, Rəbb duamı qəbul etdi! 10 Bütün düşmənlərim rüsvay olacaq, Canlarına vəlvələ salınacaq, Xəcalət içində bir andaca geri qayıdacaq.

< Zəbur 6 >