< Zəbur 58 >

1 Musiqi rəhbəri üçün. Davudun «Al-taşxet» üstə oxuduğu miktamı. Ey qüdrətlilər, doğrudanmı ədalətlə danışırsınız? Bəşər övladları üçün insaflamı hökm çıxarırsınız? 2 Xeyr, qəlbinizdən fitnə-fəsad çıxır, Bu dünyada əlinizdən zorakılıq gəlir. 3 Pis adamlar ana bətnindən belə, azğındırlar, Çaşıblar, doğulan gündən belə, yalançıdırlar. 4 Onlar əfi ilan kimi zəhərlidirlər, Qulaqlarını tıxayan gürzəyə bənzəyirlər. 5 Onlar ilanoynadanın səsinə gəlmir, Usta bir ovsunçu onu ovsunlaya bilmir. 6 Ey Allah, onların ağızlarındakı dişlərini qır, Ya Rəbb, bu gənc aslanların dişlərini çıxar. 7 Qoy onlar su kimi axıb yox olsun, Kaman üstündəki oxlarının ucları qırılsın. 8 İlbiz kimi gedərkən ərisinlər, Ölü doğulan körpələr kimi günəş nuru görməsinlər. 9 Ocaqda qazanlarını qızdırmazdan əvvəl kol-kosları sovrulsun, Nə qurularından, nə də yaşlarından heç nə qalmasın. 10 Pislərdən qisas alındığını görən salehlər şad olacaq, Ayaqlarını onların qanına batıracaq. 11 İnsanlar belə deyəcək: «Bəli, salehlər barlı olar, Həqiqətən, dünyanın hökmranı olan bir Allah var!»

< Zəbur 58 >