< Zəbur 57 >

1 Musiqi rəhbəri üçün. Davudun «Al-taşxet» üstə oxuduğu miktamı. Şauldan qaçıb mağarada gizlənəndə. Mənə rəhm et, ey Allah, mənə rəhm et! Canımı götürüb Sənin yanına pənah gətirmişəm. Bəlalar keçib-gedənəcən Qanadlarının altına sığınacağam. 2 Allah-Taalanı çağırıram, Mənim üçün hər şeyi verən Allahı çağırıram. 3 Göydən mənə qurtuluş göndərəcək, Başımı yemək istəyəni rüsvay edəcək. (Sela) Allah Öz məhəbbətini və sədaqətini göndərəcək. 4 Sanki aslanların arasındayam, Yandırıb-yaxan adamların arasında yatıram. Dişləri nizədir, oxdur, Dilləri iti qılıncdır. 5 Ey Allah, göylər üzərində ucal! Ehtişamın bütün yer üzərində olsun! 6 Yolumda tələ qurub canımı üzdülər, Mənə qazdıqları quyuya özləri düşdülər. (Sela) 7 Ey Allah, qəlbim Sənə möhkəm bağlanıb, möhkəm bağlanıb, Qoy ilahi oxuyum, Səni tərənnüm edim. 8 Ey mənim ruhum, oyan! Ey çəng və lira, oyan! Qoy səhəri oyadım. 9 Ey Xudavənd, xalqlar arasında Sənə şükür edəcəyəm. Ümmətlər arasında Səni tərənnüm edəcəyəm. 10 Məhəbbətin böyükdür, göylərə çatır, Sədaqətin buludlara dəyir. 11 Ey Allah, göylər üzərində ucal! Ehtişamın bütün yer üzərində olsun!

< Zəbur 57 >