< Zəbur 55 >

1 Musiqi rəhbəri üçün. Davudun simli alətlərin müşayiəti ilə oxunan maskili. Ey Allah, duamı dinlə, Yalvarışımdan gizlənmə! 2 Yaxşı qulaq as mənə, bir cavab söylə, Düşüncələrim məni narahat edir, Çaş-baş qalmışam. 3 Düşmənin səsindən, Zalımların zülmündən narahatam. Məni onların şər işləri sarsıdır, Onlar qəzəblə mənə qəsd-qərəz qurur. 4 Köksümdəki ürəyim sancır, Ölüm dəhşəti üzərimə düşdü. 5 Mənə qorxu və titrətmə gəlib, Canımı vicvicə bürüyüb. 6 Dedim: «Kaş göyərçin kimi qanadlarım olaydı, Uçub rahatlıq tapaydım. 7 Doğrudan da, uzaqlara qaçardım, Çöllərdə məskən salardım. (Sela) 8 Bu sərt yellərdən, qasırğalardan Daldalanmaq üçün tez bir yerə gedəydim». 9 Ey Xudavənd, bu şəhəri alt-üst et, Oradakıların dillərinə ayrılıq sal. Orada zorakılıq, dava gördüm; 10 Bunlar gecə-gündüz divarlarının üstündə dolanır, Pislik və şər şəhərin içindədir, 11 Aralarında qırğın var, Meydanlarından hədə-qorxu və fırıldaq çıxır. 12 Əgər məni düşmən təhqir etsəydi, dözərdim, Yağı qarşımda qürrələnsəydi, gizlənərdim. 13 Amma bunu sən etdin, ey rəfiqim, Ey yoldaşım, ürək həmdəmim. 14 Səninlə şirin-şirin söhbət edərdik, Allah evinə birgə gedərdik. 15 Qoy düşmənlərə qəfil ölüm gəlsin, Onlar diri-diri ölülər diyarına düşsün, Çünki şər onların evində və qəlbindədir. (Sheol h7585) 16 Mənsə Allahı səsləyərəm, Rəbb məni xilas edər. 17 Səhər, günorta, axşam nalə çəkirəm, Ah-zar edirəm, O, səsimi eşidir. 18 Çoxları əleyhimə çıxır, Amma O, canımı döyüşdən qoruyur. 19 Əzəldən bəri taxtında oturan Allah Məni eşidib onları zəlil edəcək. (Sela) Çünki onlar əsla dəyişməz, Allahdan qorxmurlar. 20 Yoldaşım dostuna əl qaldırır, Dostluq əhdini pozur. 21 Onun dili kərə yağından da yağlıdır, Qəlbində isə çəkişmələr yaşayır, Sözləri zeytun yağından yumşaqdır, Amma sıyrılmış qılınclardır. 22 Sən qayğı yükünü Rəbbə ver, Qoy sənə dayaq olsun. O heç vaxt salehə sarsıntı verməz. 23 Ey Allah, qanlı, hiyləgər adamları Qəbirə endirəcəksən. Onların ömrü yarıya çatmayacaq. Amma mən yalnız Sənə güvənirəm!

< Zəbur 55 >