< Zəbur 48 >
1 Qorah övladlarının məzmuru. Bir ilahi. Allahımızın şəhərində, Öz müqəddəs dağında Rəbb çox əzəmətlidir, Bol həmdlərə layiqdir.
2 Şimala tərəf böyük Padşahın şəhəri – Sion dağı ucalığı ilə gözəldir, Dünyanın sevincidir.
3 Onun qalalarında Allah Özünü Alınmaz qala kimi göstərmişdir.
4 Padşahlar bir yerə yığıldılar, Siona yürüş etdilər.
5 Onu görəndə mat qaldılar, Qorxub tez qaçdılar.
6 Hamilə qadının ağrısı kimi Canlarına lərzə düşdü.
7 Sən şərq küləyi ilə Tarşiş gəmilərini parçaladın.
8 Ordular Rəbbinin şəhərində – Allahımızın şəhərində Nə eşitmişiksə, onu gördük, Allah oranı əbədi saxlayacaq. (Sela)
9 Ey Allah, məbədində Məhəbbətin barədə dərindən düşünürük.
10 Ey Allah, yerin ucqarlarına qədər Adın həmdə layiqdir. Sağ əlin ədalətinlə doludur.
11 Qoy Sion dağı sevinsin. Sənin hökmlərinə görə Qoy Yəhuda qızları şad olsun.
12 Sionun ətrafında gəzib-dolaşın, Onun qüllələrini sayın.
13 Divarlarına fikir verin, Qalalarına diqqətlə baxın. Gələcək nəslə belə deyin:
14 «Əbədi, sonsuzadək Bu Allah bizim Allahımızdır. Ömrümüzün sonunadək O bizə yol göstərəcək!»