< Zəbur 32 >

1 Davudun maskili. Üsyankarlığı bağışlanan, Günahı əfv olunan insan Nə bəxtiyardır! 2 Rəbb tərəfindən təqsirkar sayılmayan, Qəlbində hiylə olmayan insan Nə bəxtiyardır! 3 Etiraf etməyəndə Bütün gün nalə çəkməkdən Sümüklərim taqətdən düşdü. 4 Əlin üzərimdə gecə-gündüz ağırlaşdı, Sanki yayın quraqlığı məni taqətdən saldı. (Sela) 5 Sonra Sənə günahımı etiraf etdim, Təqsirlərimi gizlətmədim. Dedim: «Üsyankarlığımı Rəbbə etiraf edirəm». Təqsirimi, günahımı bağışladın. (Sela) 6 Buna görə hər bir mömin Səni tapan zaman Sənə dua etsin. Azğın sellər daşsa da, Möminə toxunmaz. 7 Sığınacaq yerim Sənsən, Məni dardan hifz edirsən. Zəfər harayı ilə Ətrafımda dövr edirsən. (Sela) 8 Dedin: «Sənə təlim verəcəyəm, Gedəcəyin yolu öyrədəcəyəm. Nəsihət verəcəyəm, Gözüm sənin üstündə olacaq. 9 At yaxud qatır kimi Şüursuz olmayın. Cilov, yüyən vurulmasa, Onlar idarə edilə bilməz». 10 Pislərin başına çox bəla gələr, Rəbbə güvənənlər isə hər tərəfdən məhəbbətə bürünər. 11 Ey salehlər, fərəhlənin, Rəbbə görə sevinin! Ey ürəyidüz olanlar, Onu mədh edin!

< Zəbur 32 >