< Zəbur 29 >

1 Davudun məzmuru. Ey ilahi varlıqlar, Rəbbə verin – İzzəti, qüdrəti Rəbbə verin! 2 Adına layiq olan izzəti Rəbbə verin, Müqəddəslik zinəti ilə Rəbbə səcdə edin! 3 Rəbbin səsi suların üzərindədir, Ehtişam Allahı gurlayar, Rəbb ümman suların üzərindədir. 4 Rəbbin səsi qüdrətlidir, Rəbbin səsi əzəmətlidir, 5 Rəbbin səsi sidr ağaclarını sındırar, Rəbb Livan sidrlərini qırar. 6 Livan dağlarını dana kimi, Siryon dağını çöl buğası kimi tullandırar. 7 Rəbbin səsi şimşəkləri çaxdırar, 8 Rəbbin səsi çölləri lərzəyə salar, Rəbb Qadeş çölünü lərzəyə salar. 9 Rəbbin səsi maralları doğuzdurar, Rəbbin səsi meşələri çılpaq qoyar. Məbədində hamı deyər: «Ehtişamlısan!» 10 Rəbb daşan sular üstündəki taxtında oturub, O, əbədi Padşahdır, taxtında oturub. 11 Rəbb Öz xalqına qüvvət verir, O, xalqına firavanlıq və bərəkət verir.

< Zəbur 29 >