< Zəbur 27 >
1 Davudun məzmuru. Rəbdir nurum, qurtuluşum! Mən kimdən qorxum? Rəbdir ömrümün qalası, Mən kimdən vahimələnim?
2 Ətimi yemək üçün hücum edən şər adamlar – Yağılarım, düşmənlərim büdrəyərək yıxılarlar.
3 Bir ordu qarşımda düzülsə belə, ürəyim qorxmaz, Mənimlə döyüşsələr də, arxayınam.
4 Rəbdən bir arzum, bir istəyim var: Bütün ömrüm boyu Rəbbin evində yaşayım, Məbədində Rəbbin camalına baxım, Ona pərəstiş edim.
5 Dar gündə məni çardağında gizlər, Çadırının örtüyü ilə örtər, Qaya başındakı yüksək yerə gətirər.
6 İndi ətrafımdakı düşmənlərimin üzərində Qələbələr çalacağam, Rəbbin çadırında şənlik qurub qurbanlar kəsəcəyəm, Onu ilahilərlə tərənnüm edəcəyəm.
7 Ya Rəbb, dinlə, Səni çağırıram, Lütf edib mənə cavab ver.
8 Sən dedin: «Üzümü axtarın». Ya Rəbb, mən Sənin üzünü axtarıram.
9 Üzünü məndən gizlətmə, Qulunu qəzəblə qovma. Mənə Sən kömək etmisən, Məni atma, tərk etmə, Ey məni qurtaran Allahım!
10 Ata-anam məni atsa belə, Rəbb məni qəbul edər.
11 Ya Rəbb, yolunu mənə öyrət, Düşmənlərimdən ötrü mənə düz yolda rəhbərlik et.
12 Məni düşmənlərin əlinə salma, Çünki yalançı şahidlər, zorakılar əleyhimə qalxdılar.
13 Rəbbin xeyirxahlığını dirilər arasında görəcəyəm, Buna şübhəm yoxdur.
14 Rəbbə ümid bağla! Möhkəm və cəsarətli ol! Rəbbə ümid bağla!