< Zəbur 24 >

1 Davudun məzmuru. Rəbbindir yer üzü və orada mövcud olanlar, Dünya və orada yaşayanlar. 2 O, yerin təməlini dənizlər üstündə qurdu, Dünyanı sular üzərində yaratdı. 3 Rəbbin dağına kim çıxa bilər? Müqəddəs məskəninə kim girə bilər? 4 – Əlləri pak, qəlbi təmiz, Hiyləyə könül verməyən, Yalandan and içməyən insan. 5 O, Rəbdən bərəkət alacaq, Xilaskarı Allahdan salehlik alacaq. 6 Belə adam Rəbbi soraqlayar, Yaqubun Allahının üzünü axtarar. (Sela) 7 Ey darvazalar, başlarınızı qaldırın, Ey qədim qapılar, açılın, Əzəmətli Padşah içəri daxil olsun! 8 Bu əzəmətli Padşah kimdir? – Odur, güclü-qüdrətli Rəbb, Döyüşdə qüvvətli Rəbb. 9 Ey darvazalar, başlarınızı qaldırın, Ey qədim qapılar, açılın, Əzəmətli Padşah içəri daxil olsun! 10 Bu əzəmətli Padşah kimdir? – Ordular Rəbbi, Odur əzəmətli Padşah! (Sela)

< Zəbur 24 >