< Zəbur 20 >

1 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Dar gündə Rəbb sənə cavab versin, Yaqubun Allahının ismi səni hifz etsin! 2 Müqəddəs məskənindən köməyinə çatsın, Siondan sənə dayaq olsun! 3 Bütün təqdimlərindən razı qalsın, Yandırma qurbanların qəbul olunsun! (Sela) 4 O səni ürəyinin istəyinə çatdırsın, Hər bir niyyətini yerinə yetirsin! 5 Biz sənin zəfərlərinə mədh oxuyarıq, Allahımız naminə bayraqlarımızı qaldırarıq! Rəbb səni hər bir diləyinə çatdırsın! 6 İndi bildim ki, Rəbb məsh etdiyinə zəfərlər verər, Müqəddəs səmasından ona cavab göndərər, Sağ əlinin qüdrəti onu qalib edər. 7 Bəziləri döyüş arabaları, bəziləri atları ilə öyünür, Bizsə Allahımız Rəbbin adı ilə öyünürük. 8 Onlar büdrəyəcəklər, yıxılacaqlar, Bizsə qalxıb dik duracağıq. 9 Ya Rəbb, Sən padşaha zəfər ver, Səni çağırarkən bizə cavab ver.

< Zəbur 20 >