< Zəbur 148 >

1 Rəbbə həmd edin! Göylərdən Rəbbə həmd edin, Yüksəklərdən Ona həmd edin! 2 Ey Onun bütün mələkləri, Ona həmd edin! Ey Onun bütün orduları, Ona həmd edin! 3 Ey günəş, ey ay, Ona həmd edin! Ey parlayan bütün ulduzlar, Ona həmd edin! 4 Ey göylərin ən uca qatları, Ona həmd edin! Ey göy üzərindəki sular, Ona həmd edin! 5 Rəbbin isminə həmd etsinlər! Çünki Onun əmri ilə yaranıblar. 6 Rəbb onları həmişəlik, əbədi olaraq yerinə qoyub, Bunun üçün pozulmaz qayda qoyub. 7 Rəbbə həmd edin, ey yer üzündəkilər, Ey dəniz əjdahaları, ey bütün dərinliklər, 8 Ey şimşək, dolu, qar, buludlar, Ey Onun əmrinə tabe olan qasırğalar, 9 Ey dağlar, bütün təpələr, Ey bəhərli ağaclar, bütün sidr ağacları, 10 Ey çöl və ev heyvanları, Ey sürünənlər və uçan quşlar, 11 Ey dünya padşahları və bütün ümmətlər, Ey başçılar və dünyada olan bütün hakimlər, 12 Ey gənc oğlanlar və qızlar, Ey qocalar, cavanlar! 13 Hamınız Rəbbin isminə həmd edin! Çünki yalnız Onun ismi ucadır. Əzəməti göylərin, yerin üstündədir, 14 O, xalqına böyük qüvvət verib. Buna görə Ona həmd etsin Onun bütün möminləri, Əziz xalqı olan İsrail övladları! Rəbbə həmd edin!

< Zəbur 148 >