< Zəbur 146 >

1 Rəbbə həmd edin! Ey könlüm, Rəbbə həmd et! 2 Ömür boyu Rəbbə həmdlər söyləyəcəyəm, Allahımı nə qədər varam, tərənnüm edəcəyəm! 3 Əsilzadələrə, Sizi qurtara bilməyən bəşər oğluna güvənməyin. 4 Onlar canı çıxan kimi torpağa düşər, Niyyətləri bircə anda yox olar. 5 Nə bəxtiyardır Yaqubun Allahından kömək alan, Yalnız Allahı Rəbbə ümid bağlayan insan! 6 Odur göyləri, yeri, dənizi, dənizdəkiləri yaradan, Odur əbədi sadiq qalan. 7 O, miskinlərə haqq qazandırır, O, acları azuqə ilə doydurur. Rəbb əsirləri azad edir, 8 Rəbb kor gözləri açır. Rəbb qəddi əyilənləri düzəldir, Rəbb salehləri sevir. 9 Rəbb qəriblərə dayaq olur, Yetimi, dul qadını ayağa qaldırır, Pislərinsə yollarını dolaşdırır. 10 Rəbb əbədi hökmranlıq edir, Ey Sion, Allahın nəsillər boyu hökm verir! Rəbbə həmd edin!

< Zəbur 146 >