< Zəbur 142 >

1 Davudun məzmuru. Maskil. Mağarada olanda etdiyi dua. Rəbbə fəryad qoparıb haray salıram, Rəbbə yalvararaq haray salıram. 2 Hüzuruna şikayətimi tökürəm, Qarşısında əziyyətimi söyləyirəm. 3 Ruhdan düşəndə hansı yolda olduğumu bildin, Yolumda gizli tələ qurublar. 4 Sağıma bax, Özün gör, heç kim məni saymır, Pənah yerim yoxdur, Heç kim qayğıma qalmır. 5 Ya Rəbb, Sənə fəryad edərək dedim: «Pənahım Sənsən, Dirilər arasında Sən mənim nəsibimsən». 6 Qulaq as fəryadıma, Nə qədər alçaldılmışam! Məni təqib edənlərdən qurtar, Çünki onlar məndən güclüdür. 7 Canımı zindandan qurtar, Qoy isminə şükür edim! Onda salehlər məni əhatə edəcək, Çünki mənə comərdlik etdin!

< Zəbur 142 >