< Zəbur 140 >

1 Musiqi rəhbəri üçün. Davudun məzmuru. Ya Rəbb, məni şər adamlardan xilas et, Məni qəddar insanlardan hifz et. 2 Ürəklərində pis niyyətləri var, Hər gün dava yaradırlar. 3 Kəskin dilləri ilan tək çalar, Sanki dodaqlarında gürzə zəhəri var. (Sela) 4 Ya Rəbb, şər insanın əlindən, Qəddar insanlardan məni qoru. İstəyirlər ki, ayağımı büdrətsinlər. 5 Bu təkəbbürlü insanlar mənə tələ qurublar, Tor atıblar, cələlərini yolumun üstünə qoyublar. (Sela) 6 Rəbbə dedim: «Allahım Sənsən, Ya Rəbb, yalvarıram, Sən məni eşit! 7 Ey Xudavənd Rəbb, Sən qüvvətli Xilaskarımsan, Döyüş günündə başıma dəbilqə qoymusan. 8 Ya Rəbb, qoy pis adam muradına çatmasın, Pis niyyətinə imkan vermə, qoy lovğalanmasın». (Sela) 9 Ətrafımdakıların ağzından çıxan pis sözlər Qoy öz başlarına tökülsün! 10 Qoy onların üstünə yanar közlər tökülsün, Onlar quyuya düşüb, çıxa bilməsin! 11 Qoyma ki bu ölkədə iftiraçı uğur qazansın, Bəlalar qəddarı vursun, onu ovlasın! 12 Bilirəm ki, Rəbb məzlumların məhkəmə işinə baxır, Fəqirlərə haqq qazandırır. 13 Bəli, salehlər Sənin isminə şükür oxuyacaq, Əməlisalehlər hüzurunda yaşayacaq.

< Zəbur 140 >