< Zəbur 137 >

1 Babil torpağında olanda Sionu yada salardıq, Çay kənarında oturaraq ağlayardıq, 2 Liralarımızı söyüd ağaclarından asardıq. 3 Bizi əsir edənlər Nəğmə oxumağımızı əmr edirdilər, Bizə zülm verənlər Onları şənləndirməyimizi istəyirdilər, «Bizim üçün Sion nəğmələrini oxuyun» deyirdilər. 4 Axı yad ölkədə Rəbbin nəğmələrini necə oxuyaq? 5 Ey Yerusəlim, əgər səni unutsam, Qoy sağ əlim qurusun. 6 Ey Yerusəlim, Səni anmasam, ən böyük sevincim olmasan, Qoy dilim damağıma yapışsın. 7 Ya Rəbb, Edomluları bir yada sal, Məğlubiyyət günü Yerusəlimdən danışırdılar, Deyirdilər: «Gəlin oranı uçuraq, təməlindən dağıdaq!» 8 Ey Babil qızı, xaraba qalacaqsan. Bizə etdiyinin əvəzini sənə verən qoy bəxtiyar olsun! 9 Körpələrini daşa çırpıb öldürən bəxtiyar olsun!

< Zəbur 137 >