< Zəbur 118 >

1 Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir! 2 Qoy İsraillilər belə desin: «Çünki məhəbbəti əbədidir!» 3 Harun nəsli belə desin: «Çünki məhəbbəti əbədidir!» 4 Qoy Rəbdən qorxanlar belə söyləsin: «Çünki məhəbbəti əbədidir!» 5 Sıxıntı içində Rəbbi çağırdım, Cavab verib məni genişliyə çıxartdı. 6 Rəbb mənimlədir, heç qorxmaram. İnsan mənə nə edə bilər? 7 Rəbb mənimlədir, mənə yardım edər, Mənə nifrət edənlərin aqibətini görəcəyəm. 8 Rəbbə pənah gətirmək İnsana güvənməkdən yaxşıdır. 9 Rəbbə pənah gətirmək Əsilzadələrə güvənməkdən yaxşıdır. 10 Bütün millətlər məni mühasirəyə aldılar, Rəbbin ismi ilə onları qırdım. 11 Hər tərəfdən məni mühasirəyə aldılar, Rəbbin ismi ilə onları qırdım. 12 Arılar tək məni mühasirəyə aldılar, Lakin kol-kos kimi alışıb tez söndülər, Rəbbin ismi ilə onları qırdım. 13 Möhkəm təzyiq altında yıxılmağıma az qalmışdı, Lakin Rəbb imdadıma çatdı. 14 Rəbb qüvvətim, məzmurumdur, O məni xilas etdi! 15 Salehlərin çadırlarından zəfər nidası yüksəlir: «Rəbbin sağ əli qüdrətli işlər göstərir! 16 Rəbbin sağ əli necə əzəmətlidir! Rəbbin sağ əli qüdrətli işlər göstərir!» 17 Ölməyib sağ qalacağam, Rəbbin işlərini bəyan edəcəyəm. 18 Rəbb mənə möhkəm cəza verdi, Amma məni ölümə təslim etmədi. 19 Salehlik darvazalarını üzümə açın, Qoy oradan keçib Rəbbə şükür edim. 20 Bu, Rəbbin darvazasıdır, Oradan saleh insanlar keçəcək. 21 Ya Rəbb, Sənə şükür edirəm, Çünki cavab verərək məni xilas etmisən! 22 Bənnaların rədd etdiyi daş Guşədaşı olub. 23 Bu, Rəbbin işi idi, Gözümüzdə xariqəli bir işdir. 24 Bu günü Rəbb yaratdı, Onda sevinib şadlıq edək! 25 Aman, ya Rəbb, bizi qurtar! Aman, ya Rəbb, bizə uğur göndər! 26 Rəbbin ismi ilə gələnə alqış olsun! Sizə Rəbbin evindən xeyir-dua veririk. 27 Rəbb Allahdır, O, üzərimizə nur saçdı, Qurbangahın buynuzlarına bayram qurbanını bağlayın. 28 Allahım Sənsən, Sənə şükür edəcəyəm! Allahımsan, Səni yüksəldəcəyəm! 29 Rəbbə şükür edin, ona görə ki yaxşıdır, Çünki məhəbbəti əbədidir!

< Zəbur 118 >