< Zəbur 115 >

1 Bizi yox, ya Rəbb, bizi yox, Məhəbbətin, sədaqətin naminə Öz adını şərəfləndir. 2 Niyə millətlər belə desin: «Onların Allahı haradadır?» 3 Allahımız göylərdədir, Öz istədiyini edir. 4 Amma onların bütləri qızıldan, gümüşdən düzəlmişdir, Onlar insan əllərinin işidir. 5 Ağızları var, danışa bilmir, Gözləri var, amma görmür, 6 Qulaqları var, eşitmir, Burunları var, qoxu bilmir, 7 Əlləri var, hiss etmir, Ayaqları var, gəzə bilmir, Boğazlarından səs gəlmir. 8 Bütləri düzəldən, onlara güvənən insanlar Bu bütlər kimi cansız olacaqlar. 9 Ey İsraillilər, Rəbbə güvənin, Odur köməyiniz və sipəriniz! 10 Ey Harun nəsli, Rəbbə güvənin, Odur köməyiniz və sipəriniz! 11 Ey Rəbdən qorxanlar, Rəbbə güvənin, Odur köməyiniz və sipəriniz! 12 Rəbb bizi unutmayıb, Bizə xeyir-dua verəcək – İsrail nəslinə xeyir-dua verəcək, Harun nəslinə xeyir-dua verəcək, 13 Kiçikdən böyüyə qədər Ondan qorxanlara xeyir-dua verəcək. 14 Qoy Rəbb sizi, Sizi və nəslinizi artırsın! 15 Rəbdən, göyləri və yeri Yaradandan Bərəkət alasınız! 16 Rəbb səmaya sahibdir, Yeri bəşər övladlarına verdi. 17 Ölənlər, sükut diyarına düşənlər Rəbbə həmd etmirlər. 18 Lakin biz Rəbbə alqış edirik İndidən sonsuzadək. Rəbbə həmd edin!

< Zəbur 115 >