< Zəbur 113 >

1 Rəbbə həmd edin! Ey Rəbbin qulları, həmd edin, Rəbbin isminə həmd edin! 2 İndidən sonsuzadək Rəbbin isminə alqış olsun! 3 Gündoğandan günbatanadək Rəbbin ismi həmdə layiqdir! 4 Rəbb bütün millətlərdən ucadır, Ehtişamı göylərdən yüksəkdir! 5 Allahımız Rəbbin misli varmı? Ucalardakı taxtında oturan, 6 Göyə, yerə əyilərək baxan Odur. 7 O, yoxsulları toz-torpaqdan qaldırar, Fəqirləri küllükdən çıxarar. 8 Onları əsilzadələrlə, Öz xalqının əsilzadələri ilə yanaşı oturdar. 9 Sonsuz qadının evini tikər, Ona övlad verməklə bəxtəvər ana edər. Rəbbə həmd edin!

< Zəbur 113 >