< Zəbur 112 >

1 Rəbbə həmd edin! Nə bəxtiyardır Rəbdən qorxan, Əmrlərindən zövq alan insan! 2 Nəsli yer üzündə güclü olacaq, Əməlisalehlərin övladları xeyir-dua alacaq. 3 Evindən bolluq və sərvət əskilməz, Salehliyi əbədi qalar. 4 Zülmətdə belə, əməlisaleh insanlar üçün, Lütfkar, rəhmli və saleh adamlar üçün nur doğar. 5 Səxavətlə borc verən, İşlərini ədalətlə görən yaxşı insandır. 6 Belə adam əsla sarsılmaz, Saleh insan əbədi olaraq yadda qalacaq. 7 Pis xəbərdən qorxmaz, Rəbbə güvəndiyi üçün ürəyi möhkəmdir, 8 Cəsur ürəklidir, Düşmənlərinin süqutunu görənədək qorxmaz. 9 Səpələyər, fəqirlərə paylayar, Salehliyi əbədi qalar, Qüdrəti və hörməti ucalar. 10 Pis adamsa bunu görüb qəzəblənər, Dişlərini qıcıdar, yanıb-tökülər, Pislərin arzusu puç olar.

< Zəbur 112 >