< Zəbur 111 >

1 Rəbbə həmd edin! Əməlisalehlər məclisində, icma arasında Bütün qəlbimlə Rəbbə şükür edəcəyəm. 2 Rəbbin işləri böyükdür, Bunlardan zövq alanlar ibrət götürür. 3 Əməllərində ehtişamı, əzəməti görünür, Salehliyi əbədi qalır. 4 Xariqələrini xalqının yadına salır. Rəbb lütfkar və rəhmlidir, 5 Ondan qorxanları bəsləyərək saxlayır, Öz əhdini əbədi olaraq yadda saxlayır. 6 Xalqına millətlərin torpaqlarını verərək Qüdrətli işlərini onlara göstərdi. 7 Əllərinin işləri sədaqət və ədalətdir, Onun bütün qayda-qanunları etibarlıdır. 8 Onlar həmişə, əbədi olaraq möhkəmdir, Sədaqətdən, düzlükdən yaranmışdır. 9 Öz xalqına qurtuluş göndərdi, Əhdi əbədi olsun deyə əmr verdi, İsmi müqəddəsdir, zəhmlidir. 10 Rəbb qorxusu hikmətin başlanğıcıdır, Buna əməl edənlərin sağlam düşüncəsi vardır. Ona əbədi olaraq həmdlər olsun!

< Zəbur 111 >