< Zəbur 110 >

1 Davudun məzmuru. Rəbb mənim Ağama dedi: «Mən düşmənlərini ayaqlarının altına kətil kimi salanadək Sağımda otur». 2 Rəbb Siondan Sənin qüdrətli əsanı göndərəcək, Düşmənlərinin üzərində sənə hökmranlıq verəcək. 3 Döyüşəcəyin gün xalqın könüllü olaraq sənə qoşulacaq, Gənclərin səhər şehi kimi müqəddəs libasını geyib yanına gələcək. 4 Rəbb and içdi, qərarını dəyişməz: «Sən Melkisedeq vəzifəli əbədi bir kahinsən». 5 Xudavənd sənin sağ tərəfindədir, Qəzəb günündə padşahları qıracaq. 6 Millətlərin hökmünü verəndə cəsədləri hər yeri bürüyəcək, O bütün ölkələrin başçılarını əzəcək. 7 Yol kənarında olan vadidən su içəcək, Buna görə güclənib yüksələcək.

< Zəbur 110 >