< Zəbur 105 >

1 Rəbbə şükür edin, ismini çağırın, Əməllərini xalqlar arasında elan edin! 2 Onu ilahilərlə tərənnüm edin, Bütün xariqələrini bəyan edin! 3 Onun müqəddəs adı ilə fəxr edin, Ey Rəbbi axtaranlar, ürəkləriniz qoy sevinsin! 4 Rəbbi, Onun qüvvətini arayın, Daim hüzurunu axtarın. 5 Etdiyi xariqələri, Möcüzələri, dilindən çıxan hökmləri xatırlayın, 6 Ey Onun qulu İbrahim nəsli, Ey Yaqub övladları, ey Onun seçdikləri! 7 Allahımız Rəbb Odur, Hökmü bütün yer üzündədir. 8 Əbədi olaraq min nəslə qədər əhdini, Əmr etdiyi sözü, 9 İbrahimlə kəsdiyi əhdini, İshaqa and içərək verdiyi vədini unutmaz. 10 Bunu qayda kimi Yaqub üçün təsdiq etdi, Bu əbədi əhdi İsrail üçün etdi. 11 Dedi: «Övladlarının payına düşən mülk kimi Kənan torpağını sənə verəcəyəm». 12 O zaman onlar sayca az idilər, Azsaylı olaraq ölkədə qərib idilər. 13 Ölkədən-ölkəyə, Məmləkətdən-məmləkətə köçürdülər. 14 Rəbb heç kimi onlara əzab verməyə qoymadı, Onlara görə padşahları tənbeh etdi. 15 Dedi: «Məsh etdiklərimə dəyməyin, Peyğəmbərlərimə pislik etməyin». 16 Ölkəyə qıtlıq göndərdi, Bütün çörəyin kökünü kəsdi. 17 Lakin bunlardan əvvəl birini göndərmişdi, Bu, qul kimi satılan Yusif idi. 18 Ayaqlarını zəncirləyib əzdilər, Boğazına dəmir halqa keçirdilər. 19 Yusifin sözü düz çıxanadək Rəbbin sözü onu təmizlədi. 20 Padşah buyruq verərək onu azad etdi, Xalqların hökmdarı ona azadlıq verdi. 21 Onu sarayının ağası etdi, Varidatı üçün cavabdeh etdi. 22 Ona başçılar üstündə səlahiyyət verdi ki, Ağsaqqallarına uzaqgörənlik öyrətsin. 23 Sonra İsrail Misirə gəldi, Yaqub Ham ölkəsində yerləşdi. 24 Rəbb onun xalqına bərəkət verdi, Düşmənlərindən çox onlara qüdrət verdi. 25 Rəbb düşmənlərinə fikir göndərdi ki, xalqına nifrət etsinlər, Qullarına qarşı fırıldaq işlətsinlər. 26 Qulu Musanı, Həm də seçdiyi Harunu göndərdi. 27 Xalqın arasında Rəbbin əlamətlərini, Ham ölkəsində Onun möcüzələrini göstərdilər. 28 Rəbb qaranlıq göndərərək ölkəni zülmət etdi, Çünki Onun sözlərinə itaət etmədilər. 29 Sularını qana çevirdi, Balıqlarını öldürdü. 30 Ölkəyə qurbağalar qaynaşıb gəldilər, Padşahın otaqlarına belə, girdilər. 31 Əmr etdi, topa-topa mozalan gəldi, Mığmığalar bütün ərazilərini bürüdü. 32 Yağış əvəzinə dolu yağdırdı, Ölkələrini şimşəklərə qərq etdi. 33 Tənəklərinə, əncir ağaclarına zərbə vurdu, Sahələrində olan ağacları qırdı. 34 Əmr etdi çəyirtkələrə qaynaşsın, Saysız balaları torpaqlarına daraşsın. 35 Onlar ölkədə olan bütün otları yedilər, Torpaqlarının bar-bəhərini yedilər. 36 O, ölkədə hər yerlinin ilk oğlunu, Hər kişinin belindən gələn ilk oğlunu öldürdü. 37 İsrailliləri oradan qızılla, gümüşlə çıxartdı, Qəbilələri arasında yıxılan olmadı. 38 Onlar çıxanda Misirlilər sevindi, Canlarında İsraillilərin qorxusu var idi. 39 Üzərlərinə örtük kimi bulud sərdi, Gecəni işıqlandırmaq üçün od göndərdi. 40 İstədiklərinə görə O, bildirçin gətirdi, Onlara göydən doyunca çörək verdi. 41 Qayanı yararaq suyu fışqırtdı, Quraq yerə çay kimi axdı. 42 Çünki müqəddəs sözünü yada salmışdı, Qulu İbrahimə verdiyi vədini xatırlamışdı. 43 O, xalqını sevinclə, Öz seçdiklərini mədh səsi ilə çıxartdı. 44 Millətlərin torpaqlarını onlara verdi, Onları ümmətlərin sərvətlərinə sahib etdi. 45 Qoy Rəbbin qaydalarına riayət etsinlər, Qanunlarına əməl etsinlər. Rəbbə həmd edin!

< Zəbur 105 >