< Zəbur 101 >

1 Davudun məzmuru. Məhəbbətini, həqiqətini tərənnüm edəcəyəm, Ya Rəbb, Sənə ilahi söyləyəcəyəm! 2 Kamillik yolunda müdrik olacağam. Sən yanıma nə zaman gələcəksən? Təmiz ürəklə evimdə yaşayacağam, 3 İyrənc şeylərdən gözümü çəkəcəyəm. Azğınların işlərinə nifrət edirəm, Qoymaram məndən yapışsın. 4 Əyri ürəkdən dönəcəyəm, Şəri tapdalayacağam. 5 Qonşusuna gizlincə böhtan atanı susduracağam, Yuxarıdan baxan lovğa insana dözə bilmərəm. 6 Gözüm ölkənin sadiq insanlarına baxar, Qoy onlar yanımda yaşasın. Kamillik yolu ilə gedənlər qulluğumda dayanar. 7 Fırıldaqçıları sarayımda yaşamağa qoymaram, Yalançını hüzurumda dayanmağa qoymaram. 8 Hər səhər ölkədəki pisləri yox edəcəyəm, Bütün şər iş görənləri Rəbbin şəhərindən kəsib atacağam.

< Zəbur 101 >