< Süleymanin Məsəlləri 9 >

1 Hikmət evini qurub, Yeddi dirəyini yonub, 2 Heyvanlarını kəsib, Şərabını hazırlayıb, Süfrəsini də düzəldib. 3 Göndərdiyi kənizlər Şəhərin uca yerlərindən car çəkərlər: 4 «Gəlin bura, ey cahillər!» Qanmazlara belə deyərlər: 5 «Gəlin, çörəyimdən yeyin, Hazırladığım şərabdan için. 6 Cəhaləti atın, ömür sürün, İdrak yolu ilə düz gedin». 7 Rişxəndçini tənqid edən özünü rüsvayçılığa salar, Şər adamı danlayan axırda ləkələnər. 8 Rişxəndçini danlama, yoxsa sənə nifrət edər, Müdrik insanı danlasan, səni sevər. 9 Hikmətliyə öyüd versən, hikmətini artıracaq, Salehə bilik öyrətsən, müdrikliyini çoxaldacaq. 10 Rəbb qorxusu hikmətin başlanğıcıdır, Müqəddəsi tanımaq idraklı olmaqdır. 11 Hikmətin vasitəsilə ömrün-günün çoxalar, Həyatına illər əlavə olar. 12 Əgər hikmət qazansan, özünə xeyir verərsən, Əgər rişxənd etsən, zərərini özün çəkərsən. 13 Axmaq qadın hay-küy salır, Cahildir, heç nə qanmır. 14 O, evinin qapısı önündə oturub, Şəhərin uca yerlərində kətil üstə əyləşib, 15 Yoldan ötənləri, Düz yolda olanları çağırır: 16 «Bura gəlin, ey cahillər!» Qanmazlara belə deyir: 17 «Oğurluq su şirin olar, Gizli yeyilən çörəyin başqa ləzzəti var». 18 Lakin yanına gələnlər bilməzlər ki, Orada ölüm var, Bu qadının çağırdıqları ölülər diyarının dərinliyindədir. (Sheol h7585)

< Süleymanin Məsəlləri 9 >