< Saylar 10 >

1 Rəbb Musaya belə dedi: 2 «Özünə yastılanmış gümüşdən iki kərənay düzəlt. Bunları icmanı çağırmaq və düşərgədəkilərin köçməsi üçün işlət. 3 İki kərənay birdən çalınarsa, bütün icma sənin yanına, Hüzur çadırının girişinə toplansın. 4 Əgər tək biri çalınarsa, rəhbərlər, İsrailin tayfa başçıları sənin yanına toplansınlar. 5 Yüksək səslə çalınanda şərqi düşərgədəkilər yola düşsünlər. 6 Yenə də yüksək səslə çalınanda cənubi düşərgədəkilər yola düşsünlər. Onları yola salmaq üçün yüksək səslə çalınsın. 7 Camaatı toplamaq lazım olanda çalın, amma yüksək səslə çalmayın. 8 Kərənayları Harun oğulları olan kahinlər çalsınlar. Bu, nəsildən-nəslə sizin üçün əbədi qayda olsun. 9 Sizi torpağınızda sıxışdıran düşmənə qarşı döyüşə çıxanda kərənayları yüksək səslə çalın ki, Allahınız Rəbbin yadına düşüb düşmənlərinizdən xilas olasınız. 10 Şad gününüzdə, bayramlarınızda və Təzə Ay mərasimində yandırma qurbanlarınızı və ünsiyyət qurbanınızı verərkən kərənay çalın; Allahınızın qarşısında bu sizin üçün bir xatirə olsun. Allahınız Rəbb Mənəm». 11 İkinci ilin ikinci ayında, ayın iyirminci günündə Şəhadət məskəninin üzərindən bulud çəkildi. 12 İsrail övladları köçlərinə görə Sina səhrasından yola düşdülər. Bulud Paran səhrasında dayandı. 13 İlk dəfə olaraq Musa vasitəsilə Rəbbin əmrinə görə yola düşdülər. 14 Öncə Yəhuda ordu dəstələri öz bayraqları altında yola düşdülər. Bu orduya Amminadav oğlu Naxşon rəhbərlik edirdi. 15 İssakar qəbiləsinin ordusuna Suar oğlu Netanel rəhbərlik edirdi. 16 Zevulun qəbiləsinin ordusuna isə Xelon oğlu Eliav rəhbərlik edirdi. 17 Məskən söküləndə məskəni daşıyan Gerşon övladları və Merari övladları yola düşdülər. 18 Ruven ordu dəstələri öz bayraqları altında yola düşdülər. Onlara Şedeur oğlu Elisur rəhbərlik edirdi. 19 Şimeon qəbiləsinin ordusuna Surişadday oğlu Şelumiel rəhbərlik edirdi. 20 Qad qəbiləsinin ordusuna Deuel oğlu Elyasaf rəhbərlik edirdi. 21 Müqəddəs əşyaları daşıyan Qohatlılar yola düşdülər; onlar gələnədək o birilər məskəni qurardılar. 22 Efrayim ordu dəstələri öz bayraqları altında yola düşdülər. Onlara Ammihud oğlu Elişama rəhbərlik edirdi. 23 Menaşşe qəbiləsinin ordusuna Pedahsur oğlu Qamliel rəhbərlik edirdi. 24 Binyamin qəbiləsinin ordusuna isə Gidoni oğlu Avidan rəhbərlik edirdi. 25 Ən axırda isə Dan ordu dəstələri öz bayraqları altında yola düşdülər. Bu orduya Ammişadday oğlu Axiezer rəhbərlik edirdi. 26 Aşer qəbiləsinin ordusuna Okran oğlu Pagiel, 27 Naftali qəbiləsinin ordusuna Enan oğlu Axira rəhbərlik edirdi. 28 İsrail ordu dəstələri bu nizamla yola düşərdilər. 29 Musa qayınatası Midyanlı Reuel oğlu Xovava dedi: «Rəbbin “sizə verəcəyəm” dediyi yerə yola düşürük, bizimlə gəl, biz sənə yaxşılıq edərik. Çünki Rəbb İsrailə yaxşılıq edəcəyinə söz verib». 30 Xovav ona dedi: «Gedə bilmərəm. Mən öz torpağıma və qohum-əqrəbamın yanına gedəcəyəm». 31 Musa dedi: «Xahiş edirəm, bizi tərk etmə, çünki səhrada düşərgə salacağımız yerləri sən bilirsən. Bizə bələdçilik et. 32 Bizimlə getsən, Rəbbin bizə edəcəyi yaxşılığı biz də sənə edərik». 33 İsrail övladları Rəbbin dağından ayrılıb üç gün yol getdilər. Rəbbin Əhd sandığı da üç gün onların önündə getdi ki, dincələcəkləri yeri onlara göstərsin. 34 Düşərgə saldıqları yerdən yola düşdükləri vaxt Rəbbin buludu gündüz onların üzərində idi. 35 Sandıq yola düşəndə Musa deyirdi: «Ya Rəbb qalx! Qoy düşmənlərin dağılsın, Sənə nifrət edənlər Sənin hüzurundan qaçsın». 36 Sandıq dayananda belə deyirdi: «Ya Rəbb, İsrail tayfalarının on minlərinin yanına qayıt».

< Saylar 10 >