< Matta 6 >

1 Ehtiyatlı olun, siz saleh iş görəndə bunu insanların önündə, onlara göstərmək üçün etməyin. Yoxsa göylərdə olan Atanızdan mükafat almazsınız. 2 Ona görə də sədəqə verdiyin zaman önündə şeypur səsi ilə car çəkmə. Çünki adamlar onları izzətləndirsin deyə ikiüzlülər sinaqoqlarda və küçələrdə belə edirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. 3 Amma sən sədəqə verdiyin zaman sol əlin sağ əlinin nə etdiyini bilməsin. 4 Belə ki verdiyin sədəqə gizli qalsın. Gizlində olanı görən Atan səni mükafatlandıracaq. 5 Dua etdiyiniz zaman da ikiüzlülər kimi olmayın. Çünki belələri adamlar onları görsün deyə sinaqoqlarda və küçə tinlərində durub dua etməyi sevirlər. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. 6 Amma sən dua etdiyin zaman öz otağına gir və qapını örtüb gizlində olan Atana dua et. Gizlində olanı görən Atan səni mükafatlandıracaq. 7 Dua edəndə bütpərəstlər kimi boşboğazlıq etməyin. Çünki onlar düşünür ki, çox söz söyləməklə eşidiləcəklər. 8 Siz onlara bənzəməyin! Çünki Atanız nələrə ehtiyacınız olduğunu siz Ondan diləməzdən əvvəl bilir. 9 Buna görə siz belə dua edin: “Göylərdə olan Atamız, Adın müqəddəs tutulsun, 10 Padşahlığın gəlsin, Göydə olduğu kimi Yerdə də Sənin iradən olsun. 11 Gündəlik çörəyimizi bizə bu gün ver. 12 Bizə borclu olanları bağışladığımız kimi Bizim borclarımızı da bağışla. 13 Bizi sınağa çəkmə, Lakin bizi şər olandan xilas et. Çünki padşahlıq, qüdrət və izzət Əbədi olaraq Sənindir. Amin”. 14 Əgər başqa insanların təqsirlərini bağışlasanız, Səmavi Atanız da sizi bağışlayar. 15 Amma siz başqa insanları bağışlamasanız, Atanız da sizin təqsirlərinizi bağışlamaz. 16 Oruc tutduğunuz zaman ikiüzlülər kimi qaşqabaqlı gəzməyin. Onlar oruc tutduqlarını insanlara göstərmək üçün üzlərini tutqun hala salırlar. Sizə doğrusunu deyirəm: onlar mükafatlarını alıblar. 17 Amma sən oruc tutanda başına yağ çək və üzünü yu. 18 Belə ki insanlara deyil, gizlində olan Atana oruclu görünəsən. Gizlində olanı görən Atan səni mükafatlandıracaq. 19 Yer üzündə özünüzə xəzinələr yığmayın. Orada güvə və pas onları məhv edər ya da oğrular girib oğurlayar. 20 Bunun yerinə özünüzə göydə xəzinələr yığın. Orada nə güvə, nə pas onları məhv edər, nə də oğrular girib oğurlayar. 21 Çünki xəzinən haradadırsa, ürəyin də orada olacaq. 22 Bədənin çırağı gözdür. Əgər gözün sağlam olarsa, bütün bədənin də nurlu olacaq. 23 Yox, əgər gözün zəif görərsə, bütün bədənin qaranlıq olacaq. Əgər səndəki “nur” qaranlıqdırsa, zülmət nə qədər böyükdür! 24 Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edib o birisini sevəcək ya da birinə bağlı qalıb o birisinə xor baxacaq. Siz həm Allaha, həm də sərvətə qulluq edə bilməzsiniz. 25 Buna görə sizə deyirəm: “Nə yeyəcəyik?” və ya “Nə içəcəyik?” deyə canınız üçün, “Nə geyinəcəyik?” deyə bədəniniz üçün qayğı çəkməyin. Can yeməkdən, bədən isə geyinməkdən daha vacib deyilmi? 26 Göydə uçan quşlara baxın: onlar nə əkir, nə biçir, nə də anbarlarda saxlayır. Amma Səmavi Atanız onları yedizdirir. Siz onlardan daha qiymətli deyilsinizmi? 27 Hansı biriniz qayğı çəkməklə ömrünü bir anlıq belə, uzada bilər? 28 Nəyə görə geyim üçün qayğı çəkirsiniz? Görün çöl zanbaqları necə böyüyür: onlar nə zəhmət çəkir, nə də ip əyirir. 29 Lakin sizə bunu deyirəm ki, bütün cah-calalı içində olan Süleyman belə, bunlardan biri kimi geyinməmişdi. 30 Ey imanı az olanlar, bu gün olub sabah ocağa atılan çöl otunu Allah belə geyindirirsə, sizi geyindirəcəyi daha da yəqin deyilmi? 31 Beləliklə, “Nə yeyəcəyik?”, “Nə içəcəyik?” və ya “Nə geyəcəyik?” deyə qayğı çəkməyin. 32 Çünki bütpərəstlər bütün bu şeyləri axtarırlar. Doğrudan da, Səmavi Atanız bütün bunlara ehtiyacınız olduğunu bilir. 33 Ona görə də siz əvvəlcə Allahın Padşahlığını və Onun salehliyini axtarın. Onda bunların hamısı sizə əlavə olaraq veriləcək. 34 Beləliklə, sabahın qayğısını çəkməyin. Çünki sabahkı gün özü üçün qayğı çəkəcək. Hər günün öz yamanlığı kifayətdir!

< Matta 6 >