< Matta 27 >

1 Səhər açılanda bütün başçı kahinlərlə xalqın ağsaqqalları İsanı edam etmək üçün məşvərət etdilər. 2 İsanın əl-qolunu bağlayaraq vali Pilatın yanına aparıb ona təslim etdilər. 3 O zaman İsaya xəyanət edən Yəhuda Onun məhkum edildiyini görəndə peşman oldu. Otuz gümüşü başçı kahinlərə və ağsaqqallara geri gətirib 4 «mən təqsirsiz qanı təslim etməklə günah işlətdim» dedi. Onlarsa ona «Bundan bizə nə? Özün bilərsən» dedilər. 5 Yəhuda gümüş pulları məbədin içinə atıb oradan çıxdı, gedib özünü asdı. 6 Başçı kahinlər gümüş pulları götürüb dedilər: «Madam ki qan bahasıdır, bu gümüş pulları məbədin xəzinəsinə qoymağa icazəmiz yoxdur». 7 Öz aralarında məşvərət keçirərək o pulla yadelliləri dəfn etmək üçün dulusçunun tarlasını satın aldılar. 8 Buna görə o tarlaya bu günə qədər «Qan tarlası» deyilir. 9 Beləcə Yeremya peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetdi: «İsrail övladlarının qiymətləndirdiyi Adamın dəyərini – otuz gümüşü aldılar 10 və Rəbbin mənə buyurduğu kimi dulusçunun tarlası üçün verdilər». 11 İsa valinin önündə dayanmışdı. Vali Ondan «Yəhudilərin Padşahı Sənsənmi?» deyə soruşdu. İsa da ona dedi: «Sənin dediyin kimidir». 12 Başçı kahinlər və ağsaqqallar Onu ittiham etdikləri vaxt İsa heç bir cavab vermədi. 13 Onda Pilat Ona dedi: «Sənin əleyhinə edilən bu qədər şəhadəti eşitmirsənmi?» 14 İsa onun heç bir sözünə cavab vermədi. Vali buna çox heyrətləndi. 15 Hər Pasxa bayramında valinin xalqın istədiyi bir məhbusu azad etməsi adət idi. 16 O günlərdə Barabba adlı məşhur bir məhbus həbsdə saxlanılırdı. 17 Beləliklə, onlar bir yerə toplaşdıqları vaxt Pilat onlardan soruşdu: «Sizin üçün kimi azad etməyimi istəyirsiniz? Barabbanı, yoxsa Məsih deyilən İsanı?» 18 Çünki bilirdi ki, onlar İsanı paxıllıqdan təslim etmişdilər. 19 Pilat hökm kürsüsündə oturarkən arvadı «o saleh Adamla sənin heç bir işin olmasın, çünki bu gün röyada Ona görə çox əzablar çəkmişəm» deyə xəbər göndərdi. 20 Başçı kahinlər və ağsaqqallarsa xalqı təhrik edirdilər ki, Barabbanın azad olmasını, İsanınsa ölümünü istəsinlər. 21 Vali onlardan soruşdu: «İkisindən hansını sizin üçün azad etməyimi istəyirsiniz?» Onlar da «Barabbanı» dedilər. 22 Pilat onlara «Elə isə Məsih deyilən İsaya nə edim?» dedi. Onların hamısı «Çarmıxa çəkilsin!» dedilər. 23 Vali «Axı O nə pislik edib?» deyə soruşdu. Onlarsa «Çarmıxa çəkilsin!» deyə daha ucadan bağırdılar. 24 Pilat əlindən heç bir şeyin gəlmədiyini və əksinə, iğtişaşın gücləndiyini görərək su götürüb xalqın önündə əllərini yudu və belə dedi: «Mən bu Adamın qanı üçün təqsirkar deyiləm, qoy sizin boynunuzda qalsın». 25 Bütün xalq cavab verib dedi: «Onun qanının məsuliyyəti bizim və övladlarımızın üzərinə olsun!» 26 Onda Pilat onlar üçün Barabbanı azad etdi. İsanı isə qamçılatdıqdan sonra çarmıxa çəkilməyə təslim etdi. 27 Sonra valinin əsgərləri İsanı vali sarayına apardılar. Bütün alayı Onun başına topladılar. 28 Onu soyundurub al rəngli xalat geyindirdilər. 29 Tikanlardan bir tac hörüb başına qoydular, sağ əlinə də bir qamış verdilər. Önündə diz çöküb «Yəhudilərin Padşahı sağ olsun!» deyərək Onu ələ saldılar. 30 Ona tüpürdülər, qamışı götürüb başına vurdular. 31 Onu ələ salandan sonra xalatı əynindən çıxarıb Öz paltarını geyindirdilər. Sonra Onu çarmıxa çəkməyə apardılar. 32 Bayıra çıxanda Şimon adlı Kirenalı bir adamla rastlaşdılar. Onu İsanın çarmıxını daşımağa məcbur etdilər. 33 Qolqota, yəni «Kəllə yeri» adlanan yerə gələndə 34 Ona içməyə ödlə qarışıq şərab verdilər. İsa onu daddıqda içmək istəmədi. 35 Əsgərlər Onu çarmıxa çəkdilər və püşk ataraq paltarlarını aralarında bölüşdürdülər. 36 Sonra orada oturub Onun keşiyini çəkdilər. 37 Başı üzərinə «Yəhudilərin Padşahı İsa budur» ittihamını yazıb qoydular. 38 O zaman İsa ilə birlikdə biri sağında, biri də solunda iki quldur da çarmıxa çəkildi. 39 Gəlib-keçənlər başlarını yırğalayıb Ona böhtan ataraq 40 «Ey məbədi dağıdıb üç gündə tikən! Əgər Allahın Oğlusansa, Özünü xilas et və çarmıxdan düş!» deyirdilər. 41 Başçı kahinlər də ilahiyyatçılar və ağsaqqallarla birgə eyni şəkildə İsanı ələ salaraq deyirdilər: 42 «Başqalarını xilas edirdi, amma Özünü xilas edə bilmir! İsrailin Padşahıdır, qoy indi çarmıxdan düşsün və biz də Ona iman edək. 43 Allaha güvənirdi. Allah Onu sevirsə, qoy indi xilas etsin! Çünki “Mən Allahın Oğluyam” dedi». 44 İsa ilə birlikdə çarmıxa çəkilən quldurlar da Onu təhqir edirdilər. 45 Altıncı saatdan doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü. 46 Doqquzuncu saata yaxın İsa uca səslə nida edərək dedi: «Eli, Eli, lema şabaqtani?» Bu «Ey Allahım, Allahım, niyə Məni tərk etdin?» deməkdir. 47 Orada dayananların bəzisi bunu eşidərkən dedilər: «Bu Adam İlyası çağırır». 48 Aralarından biri dərhal qaçıb bir süngər gətirdi, şərab sirkəsinə batırıb bir qamışın ucuna keçirərək İsaya verdi ki, içsin. 49 O biriləri isə dedilər: «Onu rahat burax, görək İlyas gəlib Onu xilas edəcəkmi?» 50 İsa yenə uca səslə qışqırıb ruhunu tapşırdı. 51 O anda məbədin pərdəsi yuxarıdan aşağıya qədər iki yerə parçalandı. Yer sarsıldı, qayalar yarıldı. 52 Qəbirlər açıldı, vəfat etmiş bir çox müqəddəsin cəsədi dirildi. 53 Onlar İsanın dirilməsindən sonra qəbirlərdən çıxıb müqəddəs şəhərə girdilər və bir çox insana göründülər. 54 İsaya nəzarət edən yüzbaşı və onunla birlikdə olan əsgərlər zəlzələni və baş verən şeyləri gördükdə «doğrudan da, bu Adam Allahın Oğlu idi» deyərək dəhşətə düşdülər. 55 Orada olub-keçənlərə uzaqdan baxan bir çox qadın var idi ki, xidmət etmək üçün Qalileyadan İsanın ardınca gəlmişdilər. 56 Məcdəlli Məryəm, Yaqub ilə Yusifin anası Məryəm və Zavdayın oğullarının anası da onların arasında idi. 57 Axşam düşəndə İsanın şagirdi olmuş varlı bir adam – Yusif adlı bir Arimateyalı gəldi. 58 O, Pilatın yanına gedib İsanın cəsədini istədi. Pilat da cəsədin ona verilməsini əmr etdi. 59 Yusif cəsədi alıb təmiz bir kəfənə bükdü. 60 Onu qaya içində qazdığı öz yeni qəbrinə qoydu və qəbirin ağzına bir iri daş yuvarlayıb getdi. 61 Məcdəlli Məryəm və o biri Məryəm orada, qəbirin qarşısında oturmuşdular. 62 Ertəsi gün, yəni Hazırlıq günündən sonrakı gün başçı kahinlərlə fariseylər Pilatın yanına toplaşıb 63 dedilər: «Ağa, biz xatırlayırıq ki, o yalançı hələ sağ ikən “üç gün sonra diriləcəyəm” demişdi. 64 Ona görə də əmr et ki, üçüncü günə qədər qəbirin təhlükəsizliyi qorunsun. Yoxsa şagirdləri gəlib Onu oğurlayar və xalqa “O, ölülər arasından dirildi” deyərlər. Axırıncı yalan birincisindən daha pis olar». 65 Pilat onlara dedi: «Bir dəstə keşikçi götürün, gedin, bacardığınız kimi qəbirin təhlükəsizliyini qoruyun». 66 Onlar gedib qəbirin qarşısında keşikçi dəstəsi qoydular və qəbir daşına möhür basdılar. Beləliklə, qəbirin təhlükəsizliyi qorundu.

< Matta 27 >