< Matta 23 >

1 Bundan sonra İsa camaata və şagirdlərinə müraciət edib 2 dedi: «İlahiyyatçılar və fariseylər Musanın kürsüsündə oturmuşlar. 3 Buna görə də sizə əmr etdikləri hər şeyə riayət və əməl edin. Amma onların etdiklərini etməyin, çünki söyləyərlər, amma riayət etməzlər. 4 Ağır və çətin daşına bilən yükləri bağlayıb insanların çiyninə yükləyərlər, özləri isə bu yükləri daşımaq üçün barmaqlarını belə, tərpətmək istəməzlər. 5 Onlar öz əməllərinin hamısını insanlar görsün deyə edərlər. Çünki onlar dua qutucuqlarını genişləndirib geyimlərinin qotazlarını uzadarlar. 6 Ziyafətlərdə yuxarı başı və sinaqoqlarda baş kürsüləri tutmağı, 7 bazar meydanlarında salam almağı, insanların onlara “Rabbi!” deyə xitab etməsini sevərlər. 8 Amma kimsə sizi “Rabbi” deyə çağırmasın. Çünki sizin bir Müəlliminiz var. Siz hamınızsa qardaşsınız. 9 Yer üzündə kimsəyə “ata” deməyin. Çünki bir Atanız var, O da Səmavi Atadır. 10 Kimsə sizə “rəhbər” deməsin. Çünki bir Rəhbəriniz var, O da Məsihdir. 11 Aranızda ən böyük olan xidmətçiniz olsun. 12 Kim özünü yüksəldərsə, aşağı tutulacaq və kim özünü aşağı tutarsa, yüksəldiləcək. 13 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz Səmavi Padşahlığı insanların üzünə qapayırsınız. Nə özünüz girirsiniz, nə də girmək istəyənləri buraxırsınız. 14 15 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz dənizi və qurunu dolaşırsınız ki, bir nəfəri dinə gətirəsiniz. Dinə gətirdikdə isə onu özünüzdən ikiqat artıq cəhənnəmlik edirsiniz. (Geenna g1067) 16 Vay halınıza, ey kor rəhbərlər! Deyirsiniz ki, “kim məbədə and içirsə, əhəmiyyətli bir şey deyil, lakin kim məbədin qızılına and içirsə, öz andına borcludur”. 17 Ey ağılsızlar və korlar! Hansı daha böyükdür? Qızılmı, yoxsa qızılı təqdis edən məbədmi? 18 Yenə də deyirsiniz ki, “kim qurbangaha and içirsə, əhəmiyyətli bir şey deyil; lakin qurbangah üzərindəki qurbana and içən öz andını yerinə yetirməlidir”. 19 Ey korlar! Hansı daha böyükdür? Qurbanmı, yoxsa qurbanı təqdis edən qurbangahmı? 20 Beləliklə, qurbangaha and içən kəs ona və onun üstündə olan bütün şeylərə and içir. 21 Məbədə and içən kəs ona və içində Yaşayana and içir. 22 Göyə and içən kəs də Allahın taxtına və taxtda Oturana and içir. 23 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz nanə, şüyüd və zirənin onda birini verirsiniz, lakin Qanunun daha vacib işlərini, ədaləti, mərhəməti və imanı atırsınız. Amma onda biri verməklə yanaşı bunları da yerinə yetirməli idiniz. 24 Ey kor rəhbərlər! Ağcaqanadı süzgəclə çıxarır, dəvəni isə udursunuz! 25 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz kasanın və boşqabın bayır tərəfini təmizləyirsiniz, lakin onların daxili soyğunçuluq və pozğunluqla doludur. 26 Sən, ey kor farisey! Əvvəlcə kasanın daxilini təmizlə ki, bayır tərəfi də təmiz olsun! 27 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz ağardılmış məqbərələrə bənzəyirsiniz: onların bayır tərəfi gözəl görünür, daxili isə ölü sümükləri və hər cür murdarlıqla doludur. 28 Siz də zahirən insanlara saleh görünürsünüz, daxilən isə ikiüzlülük və qanunsuzluqla dolusunuz. 29 Vay halınıza, ey ilahiyyatçılar və fariseylər – ikiüzlülər! Çünki siz peyğəmbərlərə məqbərələr tikirsiniz, salehlərin abidələrini bəzəyirsiniz. 30 “Biz ata-babalarımızın yaşadığı günlərdə yaşasaydıq, peyğəmbərlərin qanını tökməkdə onlarla şərik olmazdıq” deyirsiniz. 31 Beləliklə, peyğəmbərləri öldürənlərin övladları olduğunuza özünüz şəhadət edirsiniz. 32 Elə isə, ata-babalarınızın başladığı işi başa çatdırın! 33 Siz ey ilanlar, gürzələr nəsli! Cəhənnəmə məhkum edilməkdən necə qaçacaqsınız? (Geenna g1067) 34 Ona görə də Mən sizə peyğəmbərlər, müdrik adamlar və ilahiyyatçılar göndərirəm. Siz onlardan bəzisini öldürəcək və çarmıxa çəkəcəksiniz. Bəzisini sinaqoqlarınızda qamçılayacaq və şəhərdən şəhərə qovacaqsınız; 35 belə ki saleh olan Habilin qanından tutmuş məbədlə qurbangahın arasında öldürdüyünüz Berekya oğlu Zəkəriyyənin qanına qədər yer üzündə tökülən bütün saleh adamların qanı üçün məsuliyyət daşıyasınız. 36 Sizə doğrusunu deyirəm: bütün bu şeylər üçün bu nəsil məsuliyyət daşıyacaq. 37 Ey Yerusəlim, Yerusəlim! Peyğəmbərləri öldürən və ora göndərilənləri daşqalaq edən şəhər! Toyuq cücələrini qanadları altına yığan kimi Mən də dəfələrlə sənin övladlarını yığmaq istədim, sizsə istəmədiniz! 38 Baxın, eviniz viran qalır. 39 Çünki Mən sizə bunu deyirəm: “Rəbbin ismi ilə Gələnə alqış olsun!” deyənə qədər Məni bir daha görməyəcəksiniz».

< Matta 23 >