< Matta 21 >

1 Yerusəlimə yaxınlaşıb Zeytun dağının yamacındakı Bet-Faqeyə gəldikləri zaman İsa iki şagirdi göndərərək 2 onlara dedi: «Qarşınızdakı kəndə gedin. Dərhal orada bağlanmış bir eşşəklə bir sıpa tapacaqsınız. Onları açıb Mənə gətirin. 3 Kim sizə bir şey desə, ona “bunlar Rəbbə lazımdır, tezliklə onları geri göndərəcək” deyərsiniz». 4 Bunlar da peyğəmbər vasitəsilə söylənən bu söz yerinə yetsin deyə baş verdi: 5 «Sion qızına deyin ki, “Bax Padşahın sənə tərəf gəlir; O itaətkardır və bir eşşəyə – Eşşəyin balası olan sıpaya minib gəlir”». 6 Şagirdlər gedib İsanın əmr etdiyi kimi etdilər. 7 Eşşəklə sıpanı gətirib üzərlərinə paltarlarını qoydular və İsa sıpanın belinə mindi. 8 Camaatın çoxu öz paltarlarını yola sərdi. Bəzisi də ağaclardan budaqlar kəsib yola döşədi. 9 İsanın önündə gedən və ardınca gələn xalq belə nida edirdi: «Davud Oğluna hosanna! Rəbbin ismi ilə Gələnə alqış olsun! Ən ucalarda hosanna!» 10 İsa Yerusəlimə daxil olanda bütün şəhər «Bu Kimdir?» deyərək sarsıldı. 11 Camaat isə deyirdi: «Bu, Qalileyanın Nazaret şəhərindən olan İsa Peyğəmbərdir». 12 İsa məbədə girib orada alver edənlərin hamısını qovdu. Sərrafların masalarını və göyərçin satanların kürsülərini çevirdi. 13 Onlara belə dedi: «“Mənim evim dua evi adlandırılacaq” deyə yazılıb. Amma siz onu “quldur yuvasına” çevirmisiniz!» 14 İsa məbəddə Onun yanına gələn korlara və axsaqlara şəfa verdi. 15 Lakin başçı kahinlər və ilahiyyatçılar Onun etdiyi heyrətamiz işləri və məbəddə «Davud Oğluna hosanna!» deyə bağıran uşaqları gördükdə acıqlandılar 16 və Ona dedilər: «Bunların nə söylədiyini eşidirsənmi?» İsa da onlara dedi: «Bəli. “Körpələrin və çağaların ağzından Kamil həmd aldın” sözünü heç oxumamısınızmı?» 17 İsa onları tərk edib şəhərdən çıxdı. Bet-Anyaya gedib orada gecələdi. 18 Səhəri gün İsa şəhərə qayıdanda acmışdı. 19 Yol kənarında bir əncir ağacı gördü və ona yaxınlaşdı. Amma ağacda yarpaqdan başqa bir şey tapmadı. İsa ona dedi: «Qoy bir daha sənin meyvən çıxmasın». Əncir ağacı o anda qurudu. (aiōn g165) 20 Şagirdlər bunu gördükdə «Əncir ağacı bir anda necə qurudu?» deyərək heyrətləndilər. 21 İsa cavab verib onlara dedi: «Sizə doğrusunu deyirəm: əgər imanınız olub şübhə etməsəniz, nəinki əncir ağacının başına gətirilən şeyi edərsiniz, hətta bu dağa “Qalx, dənizə atıl!” desəniz, elə də olacaq. 22 İmanla dua edərək hər nə diləsəniz, alacaqsınız». 23 İsa məbədə gəlib təlim öyrədərkən başçı kahinlər və xalqın ağsaqqalları Ona yaxınlaşıb dedilər: «Sən bu işləri hansı səlahiyyətlə edirsən? Sənə bu səlahiyyəti kim verib?» 24 İsa onlara belə cavab verdi: «Mən də sizə bir sual verəcəyəm; onu Mənə desəniz, Mən də bunları hansı səlahiyyətlə etdiyimi sizə deyərəm. 25 Yəhyanın vəftizi haradan idi? Göydən idi, yoxsa insanlardan?» Onlarsa aralarında müzakirə edərək belə dedilər: «Əgər desək “göydən”, “Bəs nə üçün ona inanmadınız?” deyəcək. 26 Amma desək “insanlardan”, camaatdan qorxuruq, çünki hamı Yəhyanı peyğəmbər sayır». 27 Cavabında İsaya dedilər: «Bilmirik». İsa da onlara dedi: «Bunları hansı səlahiyyətlə etdiyimi Mən də sizə demirəm. 28 Bəs siz necə düşünürsünüz? Bir adamın iki oğlu vardı. Gəlib birincisinə “oğlum, bu gün get üzüm bağımda işlə” dedi. 29 O da cavab verib “istəmirəm” dedi. Lakin sonra peşman olub getdi. 30 Həmin adam ikincisinə yaxınlaşıb yenə eyni sözü söylədi. O cavab verib “Gedirəm, ağam!” dedi, amma getmədi. 31 Bu iki nəfərdən hansı atasının istəyini yerinə yetirdi?» Onlar «birincisi» dedilər. İsa onlara dedi: «Sizə doğrusunu deyirəm: vergiyığanlar və fahişələr Allahın Padşahlığına sizdən qabaq girirlər. 32 Çünki Yəhya sizin yanınıza salehlik yolunu göstərməyə gəldi. Sizsə ona inanmadınız, amma vergiyığanlar və fahişələr ona inandılar. Siz bunu gördükdən sonra da peşman olub ona inanmadınız. 33 Başqa bir məsəli dinləyin: Ev sahibi olan bir adam var idi. Üzüm bağı saldı, oranın ətrafına çəpər çəkdi. İçində yer qazaraq üzümsıxan düzəltdi, nəzarət qülləsi tikdi. Sonra isə bağı bağbanlara icarəyə verərək başqa ölkəyə getdi. 34 Məhsul vaxtı çatanda məhsulunu almaq üçün qullarını bağbanların yanına göndərdi. 35 Lakin bağbanlar onun qullarını tutub kimini döydülər, kimini öldürdülər, kimini də daşqalaq etdilər. 36 Bağ sahibi yenə əvvəlkindən daha çox başqa qullar göndərdi. Bağbanlar onlarla da əvvəlki kimi etdilər. 37 “Oğluma hörmət edərlər” deyərək axırda öz oğlunu onların yanına göndərdi. 38 Bağbanlarsa oğulu görəndə öz aralarında dedilər: “Varis budur. Gəlin onu öldürək və miras bizə qalsın”. 39 Beləcə onu tutub bağdan kənara çıxararaq öldürdülər. 40 Beləliklə, bağın sahibi gəldikdə bu bağbanlara nə edəcək?» 41 Onlar İsaya dedilər: «Bu xainləri dəhşətli şəkildə həlak edəcək, üzüm bağını isə başqa bağbanlara icarəyə verəcək ki, onlar məhsulu öz vaxtında ona versinlər». 42 İsa onlara dedi: «Məgər siz Müqəddəs Yazılarda bunu heç oxumamısınız? “Bənnaların rədd etdiyi daş Guşədaşı olub. Bu, Rəbbin işi idi, Gözümüzdə xariqəli bir işdir”. 43 Buna görə sizə deyirəm: Allahın Padşahlığı sizdən alınıb onun məhsullarını yetişdirəcək bir millətə veriləcək. 44 Bu daşın üstünə yıxılan kəs parçalanacaq, daş isə kimin üzərinə düşərsə, onu əzəcək». 45 Başçı kahinlər və fariseylər Onun məsəllərini eşitdikdə bu sözləri onlar üçün dediyini başa düşdülər. 46 Ona görə də Onu tutmaq üçün yol axtarırdılar, lakin camaatdan qorxdular, çünki camaat İsanı peyğəmbər hesab edirdi.

< Matta 21 >