< Matta 10 >

1 İsa On İki şagirdini yanına çağırıb onlara natəmiz ruhlar üzərində səlahiyyət verdi ki, bunları qovsunlar, hər cür xəstəliyə və hər cür naxoşluğa şəfa versinlər. 2 Bu On İki həvarinin adları belədir: birincisi Peter adlanan Şimon və onun qardaşı Andrey, Zavday oğlu Yaqub və qardaşı Yəhya, 3 Filip və Bartalmay, Tomas və vergiyığan Matta, Halfay oğlu Yaqub və Tadday, 4 Kənançı Şimon və İsaya xəyanət edən Yəhuda İskaryot. 5 İsa həmin on iki nəfəri belə əmrlə göndərdi: «Başqa millətlərin arasına getməyin və Samariyalıların heç bir şəhərinə girməyin, 6 amma İsrail xalqının itmiş qoyunlarının yanına gedin. 7 Getdiyiniz yerlərdə “Səmavi Padşahlıq yaxınlaşıb” deyə vəz edin. 8 Xəstələrə şəfa verin, ölüləri dirildin, cüzamlıları pak edin, cinləri çıxarın. Müftə aldınız, müftə verin. 9 Qurşağınızda nə qızıl, nə gümüş, nə də mis götürün. 10 Yol üçün nə torba, nə iki köynək, nə çarıq, nə də əsa götürün. Çünki işçi öz azuqəsinə layiqdir. 11 Hansı şəhərə ya kəndə girsəniz, orada ləyaqətli kimdirsə, axtarın və yola çıxanacan onun evində qalın. 12 O evə girərkən ev sakinlərini salamlayın. 13 Əgər ev layiqdirsə, əmin-amanlığınız onun üzərinə gəlsin; layiq deyilsə, əmin-amanlığınız özünüzə qayıtsın. 14 Kim sizi qəbul etməyib sözlərinizi dinləməzsə, o evdən və ya şəhərdən çıxarkən ayaqlarınızın tozunu çırpın. 15 Sizə doğrusunu deyirəm: qiyamət günü Sodom və Homorra diyarının halı o şəhərin halından daha asan olacaq. 16 Budur, sizi qurdlar arasına quzular kimi göndərirəm. Ona görə də ilan kimi müdrik və göyərçin kimi məsum olun. 17 İnsanlardan özünüzü gözləyin. Çünki onlar sizi məhkəmələrə çəkəcək, sinaqoqlarında qamçılayacaqlar. 18 Onlara və millətlərə şəhadət etmək üçün siz Mənə görə valilərin və padşahların qarşısına aparılacaqsınız. 19 Onlar sizi təslim edəndə necə və ya nə deyəcəyiniz barədə qayğı çəkməyin. Nə deyəcəyiniz həmin vaxt sizə bildiriləcək, 20 çünki danışan siz yox, sizdə danışan Atanızın Ruhudur. 21 Qardaş qardaşı, ata övladını ölümə təslim edəcək. Övladlar ata-anasına qarşı çıxıb onları edam etdirəcək. 22 Mənim adıma görə hamı sizə nifrət edəcək. Amma axıracan dözən xilas olacaq. 23 Sizi bir şəhərdə təqib edəndə başqasına qaçın. Çünki sizə doğrusunu deyirəm: siz İsrail şəhərlərini dolaşıb-qurtarmamış Bəşər Oğlu gələcək. 24 Şagird müəllimindən, qul da ağasından üstün deyil. 25 Şagirdin öz müəllimi, qulun isə öz ağası kimi olması ona kifayətdir. Əgər ev sahibinə Baal-Zevul dedilərsə, onun ailə üzvlərinə bundan nə qədər artıq deyəcəklər! 26 Beləliklə, onlardan qorxmayın. Çünki elə örtülü bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə gizli bir şey yoxdur ki, bilinməyəcək. 27 Sizə qaranlıqda dediklərimi gün işığında söyləyin və qulağınıza pıçıldananı damlardan bəyan edin. 28 Bədəni öldürüb canı öldürə bilməyənlərdən qorxmayın. Həm canı, həm bədəni cəhənnəmdə məhv edə bilən Allahdan qorxun. (Geenna g1067) 29 İki sərçə bir qara pula satılmırmı? Onlardan biri belə, Atanızın izni olmadan yerə düşməz. 30 Sizin başınızdakı saçlar belə, sayılıb. 31 Ona görə də qorxmayın, siz saysız-hesabsız sərçədən daha dəyərlisiniz. 32 İnsanlar qarşısında Məni iqrar edən hər kəsi Mən də göylərdə olan Atamın qarşısında iqrar edəcəyəm. 33 Amma kim insanlar qarşısında Məni inkar etsə, Mən də onu göylərdə olan Atamın qarşısında inkar edəcəyəm. 34 Düşünməyin ki, yer üzünə sülh gətirməyə gəlmişəm. Mən sülh deyil, qılınc gətirməyə gəlmişəm. 35 Çünki Mən oğulu atasından, qızı anasından, gəlini də qayınanasından ayırmağa gəlmişəm. 36 “İnsanın düşməni öz ev əhli olacaq”. 37 Atasını ya anasını Məndən artıq sevən kəs Mənə layiq deyil. Oğlunu ya qızını Məndən artıq sevən də Mənə layiq deyil. 38 Çarmıxını götürməyib ardımca gələn kəs də Mənə layiq deyil. 39 Canını qoruyan kəs onu itirəcək, Mənim uğrumda canını itirənsə onu qoruyacaq. 40 Sizi qəbul edən kəs Məni qəbul edər. Məni qəbul edən də Məni Göndərəni qəbul edər. 41 Peyğəmbəri peyğəmbər olduğu üçün qəbul edən kəs peyğəmbərə layiq bir mükafat alacaq. Salehi saleh olduğu üçün qəbul edən də salehə layiq bir mükafat alacaq. 42 Kim bu kiçiklərdən birinə şagird olduğu üçün hətta bir kasa soyuq su içirdərsə, sizə doğrusunu deyirəm: mükafatsız qalmayacaq».

< Matta 10 >