< Luka 8 >

1 Bu hadisədən sonra İsa şəhərləri və kəndləri gəzməyə başladı. O, Allahın Padşahlığını vəz edərək Müjdəni yayırdı. On İki şagird Onunla birgə idi. 2 Həmçinin şər ruhlardan və xəstəliklərdən şəfa tapmış bəzi qadınlar, daxilindən yeddi cin çıxmış Məcdəlli adlanan Məryəm, 3 Hirodun eşikağası Xuzanın arvadı Yoxanna, Şoşanna və bir çox başqa qadınlar İsa ilə idi. Bu qadınlar əmlakları ilə onlara xidmət edirdilər. 4 Böyük izdiham toplaşanda, insanlar hər şəhərdən İsanın yanına gələndə İsa onlara bir məsəl danışdı: 5 «Bir əkinçi toxumunu səpməyə çıxdı. Səpin zamanı toxumlardan bəzisi yol kənarına düşdü, ayaq altında tapdalandı və göydə uçan quşlar onları dənlədi. 6 Bəzisi daşlığa düşdü və cücərincə susuzluqdan qurudu. 7 Bəzisi tikanlar arasına düşdü. Tikanlar toxumla birgə boy atıb onu boğdu. 8 Başqaları isə münbit torpağa düşdü və böyüyüncə yüz qat artıq səmərə verdi». İsa bunları deyərək nida etdi: «Eşitməyə qulağı olan eşitsin!» 9 Şagirdləri isə Ondan soruşdular: «Bu məsəlin mənası nədir?» 10 O dedi: «Allahın Padşahlığının sirlərini bilmə qabiliyyəti sizə verilmişdir. Başqalarına isə hər şeyi məsəllərlə danışıram ki, “Gördükləri halda görməsinlər, Eşitdikləri halda anlamasınlar”. 11 Məsəlin mənası budur: toxum Allahın kəlamıdır. 12 Yol kənarına düşənlərsə kəlamı eşidənlərdir. Sonra iblis gəlir və iman etməyib xilas olmasınlar deyə kəlamı onların ürəyindən götürüb aparır. 13 Daşlığa düşənlərsə kəlamı eşidəndə sevinclə qəbul edənlərdir. Lakin onlarda kök olmadığına görə bir müddət iman edir və sınaq vaxtı gələndə imandan dönürlər. 14 Tikanlar arasına düşənlərsə bunlardır: kəlamı eşidirlər, amma get-gedə bu həyatın qayğılarından, var-dövlətindən, zövqlərindən boğulur və yaxşı bəhrə vermirlər. 15 Münbit torpağa düşənlərsə bunlardır: belə insanlar kəlamı eşidib xeyirxah və sadiq ürəkdə saxlayırlar. Bunlar səbirlə səmərə verir. 16 Heç kim çırağı yandırıb onu qabla örtməz yaxud yatağın altına qoymaz. Əksinə, çıraqdana qoyar ki, içəri girənlər işığı görsünlər. 17 Çünki elə gizli bir şey yoxdur ki, aşkara çıxmayacaq və elə örtülü bir şey yoxdur ki, bilinib aydın olmayacaq. 18 Buna görə də necə dinlədiyinizə diqqət edin. Çünki kimin varıdırsa, ona daha çox veriləcək. Amma kimin yoxudursa, özününkü zənn etdiyi şey də əlindən alınacaq». 19 İsanın anası və qardaşları Onun yanına gəldi. Amma izdihama görə Ona yaxınlaşa bilmədilər. 20 İsaya xəbər verdilər: «Anan və qardaşların bayırda dayanıb Səni görmək istəyirlər». 21 İsa onlara cavab verdi: «Mənim anam və qardaşlarım Allahın kəlamını eşidib ona əməl edənlərdir». 22 Bir gün İsa Öz şagirdləri ilə bir qayığa mindi və onlara dedi: «Gəlin gölün o biri sahilinə keçək». Onlar yola düşdülər. 23 Onlar qayıqda gedərkən İsanı yuxu apardı. Göldə tufan qopdu. Qayıq su ilə dolmağa başlayanda onlar təhlükəli vəziyyətə düşdülər. 24 Şagirdlər yaxınlaşıb İsanı oyadaraq dedilər: «Ustad, Ustad, biz həlak oluruq!» İsa durub küləyə və qalxan sulara qadağan etdi. Tufan dayandı və sükut çökdü. 25 Onda O, şagirdlərinə dedi: «Sizin imanınız haradadır?» Onlarsa qorxu və heyrət içində qalıb bir-birlərindən soruşurdular: «Bu Adam kimdir ki, həm küləklərə, həm suya əmr verir, onlar da itaət edir?» 26 Sonra onlar Qalileyanın qarşısında yerləşən Gerasalıların diyarına gəldilər. 27 İsa qayıqdan sahilə düşəndə şəhərdən olan bir nəfər Onunla qarşılaşdı. Cinlərə tutulmuş və xeyli vaxtdır ki, paltar geyməyən bu adam evdə yox, qəbir mağaralarında yaşayırdı. 28 O, İsanı görən kimi bağırıb Onun qarşısında diz çökdü və bərkdən çığıra-çığıra dedi: «Ey İsa, Allah-Taalanın Oğlu, məndən nə istəyirsən? Yalvarıram Sənə, mənə əzab vermə!» 29 Çünki İsa natəmiz ruha əmr etmişdi ki, həmin adamdan çıxsın. Bu ruh o adamı çoxdan tutmuşdu. Buna görə də o adamı qorumaq üçün onu zəncir və buxovlarla bağlamışdılar. O isə zəncirləri qıraraq cin tərəfindən çölə qovulurdu. 30 İsa ondan soruşdu: «Sənin adın nədir?» O cavab verdi: «Adım Qoşundur». Çünki onun daxilinə çox cin girmişdi. 31 Onlar dibsiz dərinliyə düşmələrini əmr etməsin deyə İsaya yalvarırdılar. (Abyssos g12) 32 Orada – dağın yamacında böyük bir donuz sürüsü otlayırdı. Cinlər İsaya yalvardılar ki, donuzların içinə girməyə izin versin. İsa da onlara izin verdi. 33 Cinlər adamdan çıxıb donuzların içinə girdi. Sürü də uçurumdan aşağı, gölə atılıb boğuldu. 34 Donuz otaranlar bunları görüb qaçdılar, bu xəbəri şəhər və kəndlərdə yaydılar. 35 Camaat nə baş verdiyinə tamaşa etməyə çıxdı. Onlar İsanın yanına gəldilər, daxilindən cinlər çıxmış adamın İsanın ayaqları yanında geyinmiş və ağıllanmış oturduğunu görüb qorxuya düşdülər. 36 Hadisəni görənlərsə cinə tutulmuş adamın necə sağaldığını camaata danışdılar. 37 Gerasalıların ətraf diyarındakı bütün xalq İsadan xahiş etdi ki, oranı tərk etsin, çünki onları böyük qorxu bürümüşdü. İsa da qayığa minib geri qayıtdı. 38 Daxilindən cinlər çıxmış kişi İsanın yanında qalmaq üçün Ona yalvardı. 39 Amma İsa ona «qayıt evinə və Allahın sənə etdiyi hər şeyi danış» deyərək onu buraxdı. Bu adam da gedib İsanın ona etdiyi hər şeyi bütün şəhərə yaydı. 40 İsa geri qayıtdıqda xalq Onu qəbul etdi, çünki hamı Onu gözləyirdi. 41 Bu vaxt Yair adlı sinaqoq rəisi olan bir kişi gəlib İsanın ayaqlarına düşdü və Ona yalvardı ki, evinə gəlsin. 42 Çünki onun on iki yaşın içində olan bircə qızı var idi və o, can üstə idi. İsa oraya gedərkən izdiham Onu sıxışdırırdı. 43 Orada on iki il qanaxma xəstəliyinə tutulan bir qadın var idi. O bütün varını həkimlərə xərcləmişdi, lakin onların heç biri ona şəfa verə bilməmişdi. 44 Bu qadın İsanın arxasından gəlib Onun paltarının ətəyinə toxundu və o andaca onun qanaxması dayandı. 45 İsa dedi: «Mənə toxunan kim idi?» Lakin hamı bunu inkar edəndə Peter dedi: «Ustad, izdiham Səni əhatə edib sıxışdırır». 46 Amma İsa dedi: «Mənə kimsə toxundu, çünki Məndən qüvvət çıxdığını bildim». 47 Qadınsa gizlənə bilmədiyini gördükdə titrəyərək gəlib İsanın ayağına düşdü. Bütün xalq qarşısında Ona nə səbəbdən toxunduğunu və o anda necə sağaldığını İsaya nəql etdi. 48 İsa da ona dedi: «Qızım, imanın səni xilas etdi. Arxayın get». 49 İsa hələ danışırdı ki, sinaqoq rəisinin evindən bir nəfər gəlib dedi: «Qızın öldü. Müəllimi daha narahat etmə». 50 Amma İsa bunu eşidəndə sinaqoq rəisinə dedi: «Qorxma, yalnız iman et! Qızın xilas olacaq». 51 İsa onun evinə gələndə Peter, Yəhya, Yaqub və qızın ata-anasından başqa heç kimi Özü ilə evə girməyə qoymadı. 52 Hamı qız üçün ağlayıb nalə çəkirdi. Amma İsa dedi: «Ağlamayın, o ölməyib, sadəcə olaraq yatıb». 53 Onlarsa qızın öldüyünü bildiklərinə görə İsaya güldülər. 54 Amma İsa qızın əlindən tutub səslədi: «Qızcığaz, qalx!» 55 Qızın ruhu bədəninə qayıtdı və o dərhal ayağa qalxdı. İsa dedi ki, qıza yemək versinlər. 56 Qızın ata-anası mat qaldı. Amma İsa onlara tapşırdı ki, bu hadisə barədə heç kəsə danışmasınlar.

< Luka 8 >