< Luka 23 >

1 Ali Şura üzvlərinin hamısı ayağa durub İsanı Pilatın yanına apardı. 2 Onu ittiham etməyə başlayaraq dedilər: «Biz gördük ki, bu adam millətimizi yoldan çıxarır. Qeysərə vergi verməyə mane olur və Özünü Məsih, Padşah adlandırır». 3 Pilat Ondan «Yəhudilərin Padşahı Sənsənmi?» deyə soruşdu. İsa cavabında ona dedi: «Sənin dediyin kimidir». 4 Pilat başçı kahinlərə və xalqa dedi: «Mən bu Adamda heç bir təqsir görmürəm». 5 Amma onlar təkid edərək deyirdilər: «Bu Adam Qalileyadan tutmuş bu yerə qədər bütün Yəhudeyada təlim öyrədərək xalqı təşvişə salır». 6 Pilat Qalileya barədə eşidib soruşdu: «Məgər bu Adam Qalileyalıdır?» 7 İsanın Hirodun idarə etdiyi vilayətdən olduğunu bildikdə Onu Hirodun yanına göndərdi. Çünki o günlər Hirod da Yerusəlimdə idi. 8 Hirod İsanı gördükdə çox sevindi. Onun haqqında eşitdiyi şeylərə görə Onu çoxdan görmək istəyirdi. Ondan bir əlamət görməyi umurdu. 9 Hirod Ona çox suallar verdi, amma İsa ona heç bir cavab vermədi. 10 Başçı kahinlər və ilahiyyatçılar durub Onu şiddətlə ittiham edirdilər. 11 Hirod öz əsgərləri ilə Onu təhqir edib ələ saldı. Onun əyninə bir gözəl paltar geyindirib Pilatın yanına qaytardı. 12 Əvvəllər düşmən olan Pilatla Hirod o gün bir-biri ilə dostlaşdı. 13 O zaman Pilat başçı kahinləri, rəhbərləri və xalqı toplayıb 14 onlara dedi: «Siz bu Adamı mənim yanıma buna görə gətirdiniz ki, O, xalqı yoldan çıxarır. Budur, mən sizin qarşınızda məsələni araşdırıb bu Adamı sizin irəli sürdüyünüz ittihamların heç birində təqsirkar görmədim. 15 Hirod da bir şey tapmadı. Çünki bu Adamı bizə geri göndərdi. Budur, O, ölüm cəzasına layiq heç bir şey etməyib. 16 Buna görə də mən Onu cəzalandırıb azad edəcəyəm». 17 18 Amma bütün xalq birlikdə çığırırdı: «Bu Adam öldürülsün! Bizə Barabbanı azad et!» 19 Barabba şəhərdə üsyan qaldırmaq və adam öldürmək üstündə zindana atılmışdı. 20 Pilat İsanı azad etmək istəyərək yenə də səsini ucaltdı. 21 Amma onlar «Onu çarmıxa çək, çarmıxa çək!» deyə bağırırdılar. 22 Pilat üçüncü dəfə onlara dedi: «Axı O nə pislik edib? Mən Onda ölüm cəzasına layiq heç bir təqsir görmədim. Buna görə də Onu cəzalandırıb azad edəcəyəm». 23 Amma onlar təkid edərək uca səslə tələb edirdilər ki, O, çarmıxa çəkilsin. Onların səsi hamıdan bərk gəlirdi. 24 Pilat onların tələbini yerinə yetirmək qərarına gəldi. 25 Üsyan qaldırıb adam öldürdüyünə görə zindana atılmış adamı onların tələbinə görə azad etdi. İsanı isə onların ixtiyarına təslim etdi. 26 Əsgərlər İsanı apararkən kənd yerindən gələn Şimon adlı Kirenalı bir nəfəri yaxaladılar. Çarmıxı onun boynuna yükləyib İsanın ardınca daşımağa məcbur etdilər. 27 İsanın ardınca böyük bir izdiham və Onun üçün ağlayıb nalə çəkən qadınlar gedirdi. 28 İsa onlara tərəf dönüb dedi: «Ey Yerusəlim qızları, Mənim üçün ağlamayın. Özünüz və övladlarınız üçün ağlayın. 29 Çünki elə günlər gəlir ki “Nə bəxtiyardır sonsuz, doğmamış bətnlər və əmizdirməmiş döşləri olan qadınlar!” deyəcəklər. 30 “O zaman dağlara ‹Üstümüzə yıxılın!›, təpələrə ‹Bizi örtün!› deməyə başlayacaqlar”. 31 Çünki yaşıl ağacın başına bunları gətirirlərsə, bəs qurumuş ağaca nə olacaq?» 32 İsa ilə birlikdə iki cinayətkar da edama aparılırdı. 33 Kəllə adlanan yerə gələndə orada Onu və cinayətkarları – birini sağında, birini də solunda çarmıxa çəkdilər. 34 Amma İsa deyirdi: «Ata! Onları bağışla, çünki nə etdiklərini bilmirlər». Onlar püşk ataraq paltarlarını aralarında bölüşdürdülər. 35 Camaat durub tamaşa edirdi. Onlarla birlikdə rəhbərlər də İsaya istehza edib deyirdilər: «Başqalarını xilas edirdi. Əgər O, Allahın seçdiyi Məsihdirsə, qoy Özünü də xilas etsin!» 36 Əsgərlər də yaxınlaşıb Onu ələ saldılar. Ona şərab sirkəsi təqdim edib 37 belə dedilər: «Əgər Sən Yəhudilərin Padşahısansa, Özünü xilas et!» 38 Onun üzərində «Yəhudilərin Padşahı budur» yazısı yazılmışdı. 39 Çarmıxa asılmış cinayətkarlardan biri Ona böhtan ataraq deyirdi: «Məgər Sən Məsih deyilsən? Özünü də, bizi də xilas et!» 40 O biri cinayətkarsa ona qadağan edərək deyirdi: «Sən heç Allahdan qorxmursan? Sən özün də eyni cəzaya məhkum olmusan! 41 Biz ədalətlə məhkum olunmuşuq, çünki əməllərimizə layiq olan əvəzi alırıq. Bu Adamsa heç bir haqsızlıq etməmişdi». 42 Sonra İsaya dedi: «Ey İsa, Öz Padşahlığına gələndə məni xatırla!» 43 İsa ona dedi: «Sənə doğrusunu deyirəm: bu gün sən Mənimlə birlikdə cənnətdə olacaqsan». 44 Gündüz altıncı saat idi. Doqquzuncu saata qədər bütün yer üzünə qaranlıq çökdü, 45 günəş işığını saçmırdı. Məbədin pərdəsi ortadan parçalandı. 46 İsa uca səslə nida edərək dedi: «Ey Ata! Ruhumu Sənin əlinə verirəm». İsa bunu deyib son nəfəsini verdi. 47 Bunları görən yüzbaşı «doğrudan da, bu Adam saleh idi» deyərək Allahı izzətləndirdi. 48 Bunlara tamaşa etmək üçün yığılan bütün camaat baş verən hadisəni gördükdə sinəsinə döyə-döyə geri döndü. 49 İsanı tanıyan adamların hamısı və Onun ardınca Qalileyadan gəlmiş qadınlar uzaqda durub olub-keçənlərə baxırdılar. 50 Ali Şuranın üzvü olan Yusif adlı xeyirxah və saleh bir kişi var idi. 51 O, Ali Şuranın qərarı və əməli ilə razı olmamışdı. Bu adam Yəhudeyanın Arimateya şəhərindən idi və o da Allahın Padşahlığını gözləyirdi. 52 O, Pilatın yanına gedib İsanın cəsədini istədi. 53 Cəsədi çarmıxdan endirib kəfənə bükdü və qayada qazılmış, hələ indiyədək heç kimin dəfn edilmədiyi bir qəbirə qoydu. 54 O gün Hazırlıq günü idi və Şənbə günü yaxınlaşırdı. 55 İsa ilə Qalileyadan gəlmiş qadınlar da Yusifin ardınca gedib qəbiri və Onun cəsədinin necə qoyulduğunu gördülər. 56 Onlar evlərinə qayıdıb ətirli maddələr və qiymətli yağlar hazırladılar. Şənbə günü Allahın əmri ilə istirahət etdilər.

< Luka 23 >