Luka 17

1 İsa şagirdlərinə belə dedi: «İnsanları pis yola çəkən şeylər mütləq olur. Amma vay o adamın halına ki, bunların baisidir! 2 Bu kiçiklərdən birini pis yola çəkməkdənsə öz boynuna böyük bir dəyirman daşı asıb dənizə atılmaq onun üçün daha yaxşı olar. 3 Özünüzə fikir verin. Əgər qardaşın sənə qarşı günah edərsə, ona xəbərdarlıq et. Əgər o tövbə edərsə, onu bağışla. 4 Əgər gündə yeddi dəfə sənə qarşı günah etsə və gündə yeddi dəfə yanına gəlib sənə “tövbə edirəm” deyərsə, onu bağışla». 5 Həvarilər Rəbbə dedilər: «İmanımızı artır!» 6 Rəbb onlara belə dedi: «Bir xardal toxumu qədər imanınız olsaydı, bu tut ağacına “Kökündən çıx və dənizdə əkil!” deyərdiniz, o da sizin sözünüzə baxardı. 7 Sizlərdən hansı biriniz cütçülük və yaxud çobanlıq edən bir qula tarladan qayıdanda “tez ol, gəl süfrəyə otur” deyər? 8 Əksinə, ona “axşam yeməyimi hazırla və qurşanıb mənə xidmət et ki, mən yeyib-içim, sonra da sən özün ye-iç” deməzmi? 9 Əmrlərini yerinə yetirdiyi üçün o, qula təşəkkür edərmi? 10 Beləcə siz də sizə əmr olunanların hamısını yerinə yetirəndən sonra deyin: “Biz dəyərsiz qullarıq, çünki görməli olduğumuz işləri etmişik”». 11 İsa Yerusəlimə doğru yolunu davam edərkən Samariya ilə Qalileya arasındakı sərhəddən keçirdi. 12 Kəndlərin birinə girəndə Onu on nəfər cüzamlı kişi qarşıladı. Onlar uzaqda durub 13 ucadan çığırdılar: «İsa, Ustad, bizə rəhm et!» 14 İsa onları görüb «gedin, özünüzü kahinlərə göstərin» dedi. Onlar yol gedə-gedə pak oldular. 15 Onlardan biri isə sağaldığını görəndə uca səslə Allahı izzətləndirərək qayıtdı. 16 O üzüstə İsanın ayaqlarına düşərək Ona təşəkkür etdi. Bu adam Samariyalı idi. 17 Onda İsa dedi: «Pak olanlar on nəfər deyildimi? Bəs qalan doqquz adam haradadır? 18 Bu yadellidən savayı geri dönüb Allaha izzət verən olmadımı?» 19 Sonra o adama dedi: «Ayağa qalx, get. İmanın səni xilas etdi». 20 Fariseylər İsadan «Allahın Padşahlığı nə zaman gələcək?» deyə soruşanda İsa onlara cavab verdi: «Allahın Padşahlığı müşahidə ilə gəlməz. 21 Adamlar “bax, o buradadır” yaxud “oradadır” deməyəcəklər, çünki budur, Allahın Padşahlığı sizin daxilinizdədir». 22 İsa şagirdlərə də belə dedi: «Elə günlər gələcək ki, Bəşər Oğlunun günlərindən birini görməyi arzulayacaqsınız, amma görməyəcəksiniz. 23 Adamlar sizə “bax, O oradadır” yaxud “bax, buradadır” deyəcək. Gedib onların arxasınca düşməyin! 24 Çünki şimşək göyün bir kənarında çaxıb o biri kənarına qədər necə parlayırsa, Bəşər Oğlu da Öz günündə elə olacaq. 25 Amma əvvəlcə O, çox əzab çəkməli və indiki nəslin adamları tərəfindən rədd olunmalıdır. 26 Nuhun günlərində necə idisə, Bəşər Oğlunun günlərində də elə olacaq. 27 Nuhun gəmiyə girdiyi günə qədər insanlar yeyib-içir, evlənir, ərə gedirdi. Sonra daşqın gəlib hamısını məhv etdi. 28 Lutun günlərində də belə idi: insanlar yeyib-içir, alıb-satır, əkir, tikirdi. 29 Lakin Lut Sodomdan çıxdığı gün göydən od və kükürd yağdı və hamısını məhv etdi. 30 Bəşər Oğlunun zühur edəcəyi gündə də belə olacaq. 31 O gündə özü damda, əşyası isə evin içində olan adam onları götürmək üçün aşağı enməsin. Eləcə də tarlada olan geri qayıtmasın. 32 Lutun arvadını yadınıza salın! 33 Kim canını qorumaq istəsə, onu itirəcək, amma kim canını itirsə, onu yaşadacaq. 34 Sizə deyirəm: o gecə bir yataqda olan iki nəfərdən biri götürüləcək, o biri isə qalacaq. 35 Birlikdə dən üyüdən iki qadından biri götürüləcək, o biri isə qalacaq». 36 37 Ona müraciət edib dedilər: «Ya Rəbb, bu hadisələr harada olacaq?» O isə onlara dedi: «Leş haradadırsa, kərkəslər də orada toplaşar».