< Hakimlər 17 >

1 Efrayimin dağlıq bölgəsindən olan Mikeya adlı bir adam var idi. 2 O, anasına belə dedi: «Səndən oğurlanan min yüz şekel gümüşdən ötrü lənət etdin və bunu mənə eşitdirdin. Budur, o gümüş məndədir, onu mən götürmüşəm». Anası ona dedi: «Oğlum, qoy Rəbb sənə xeyir-dua versin». 3 O, min yüz şekel gümüşü anasına qaytardı. Anası ona dedi: «Bu gümüşün hamısını Rəbb üçün təqdis edirəm. Qoy oğlum ondan bir oyma və bir tökmə büt düzəltsin. İndi bu gümüşü sənə qaytarıram». 4 Gümüşü anasına geri qaytararkən anası iki yüz şekel gümüş götürüb zərgərə verdi. Ondan bir oyma və bir tökmə büt düzəltdirdi. Bu bütləri Mikeyanın evinə qoydular. 5 Mikeyanın ibadətgahı var idi. O, bir efod və ev bütləri düzəldib oğullarından birini özünə kahin təyin etdi. 6 O dövrdə İsraildə padşah yox idi, hərə öz gözündə doğru görünən işi edirdi. 7 Yəhudanın Bet-Lexem şəhərindən olan bir Yəhudalının ailəsində yaşayan gənc Levili var idi. 8 Həmin adam yaşamağa bir yer tapmaq üçün Yəhudanın Bet-Lexem şəhərindən çıxdı. Səfərə çıxarkən Efrayimin dağlıq bölgəsinə – Mikeyanın evinə gəldi. 9 Mikeya ona dedi: «Haradan gəlirsən?» O, Mikeyaya dedi: «Mən Yəhudanın Bet-Lexem şəhərindən gələn bir Leviliyəm, bir yer tapıb yaşamaq istəyirəm». 10 Mikeya ona dedi: «Mənimlə qal, mənə ata və kahin ol. Mən də sənə ildə on şekel gümüş, bir dəst paltar və yeməyini verərəm». Levili onunla getdi. 11 O, Mikeya ilə qalmağa razı oldu və bu gənc ona bir oğul kimi oldu. 12 Mikeya Levilini özünə kahin təyin etdi və bu gənc onun evində yaşadı. 13 Mikeya dedi: «İndi bilirəm ki, Rəbb mənə yaxşılıq edəcək, çünki bir Levili kahinim var».

< Hakimlər 17 >