< Hakimlər 11 >

1 Bir fahişədən doğulan Gileadlı İftah igid döyüşçü idi. Onun atası Gilead idi. 2 Gileadın arvadı ona oğullar doğdu və bu qadının oğulları böyüyən zaman İftahı qovub belə dedilər: «Atamızın evindən sənə miras düşmür, ona görə ki sən başqa qadının oğlusan». 3 İftah qardaşlarının yanından qaçıb Tov diyarında yaşadı. İftahın başına macəraçı adamlar yığıldı və onunla birgə basqınçılıq edirdilər. 4 Bir müddətdən sonra Ammon övladları İsraillilərə qarşı döyüşə çıxdılar. 5 Ammon övladları İsraillilərə qarşı çıxan zaman Gilead ağsaqqalları İftahı Tov diyarından gətirmək üçün onun yanına getdilər. 6 Onlar İftaha dedilər: «Gəl bizə sərkərdəlik et və Ammon övladlarına qarşı birgə vuruşaq». 7 İftah Gilead ağsaqqallarına dedi: «Mənə nifrət edib atamın evindən məni qovan siz deyildinizmi? Bəs indi niyə çətinliyə düşəndə mənim yanıma gəlmisiniz?» 8 Gilead ağsaqqalları İftaha dedilər: «Sənin yanına ona görə gəlmişik ki, indi sən bizimlə gedib Ammon övladlarına qarşı döyüşəsən və bizə – bütün Gilead əhalisinə sərkərdə olasan». 9 İftah Gilead ağsaqqallarına dedi: «Yaxşı, Ammon övladlarına qarşı döyüşmək üçün məni geri aparırsınız. Bəs Rəbb qarşımda onları mənə təslim edəndə sizin başçınız mən olacağammı?» 10 Gilead ağsaqqalları İftaha dedilər: «Səninlə bizim aramızda qoy Rəbb şahid olsun! Biz mütləq sənin sözünə əməl edəcəyik». 11 İftah Gilead ağsaqqalları ilə bərabər getdi və xalq da onu özünə başçı – sərkərdə etdi. İftah Mispada, Rəbbin önündə bütün şərtlərini təkrar etdi. 12 Bundan sonra Ammon padşahının yanına qasidlər göndərib dedi: «Bizim aramızda nə olub ki, torpağımda mənimlə vuruşmağa gəlmisiniz?» 13 Ammon padşahı İftahın qasidlərinə dedi: «Ona görə ki İsraillilər Misirdən çıxan zaman mənim torpaqlarımı Arnondan Yabboq və İordan çaylarına qədər alıb. Gəlin onları mənə sülh yolu ilə geri qaytarın». 14 İftah yenə də Ammon xalqının padşahının yanına qasidlər göndərib dedi: 15 İftah belə deyir: «İsraillilər Moav torpağını, Ammon övladlarının torpağını almayıb. 16 Amma İsraillilər Misirdən çıxanda Qırmızı dənizə qədər səhradan keçərək Qadeşə gəlib və 17 Edom padşahının yanına qasidlər göndərib belə demişdilər: “Rica edib torpağından keçmək üçün səndən izin istəyirəm”. Lakin Edom padşahı onlara qulaq asmadı və sonra İsraillilər Moav padşahının yanına adamlar göndərdi, o da razı olmadı. Ona görə də İsraillilər Qadeşdə qalmışdılar. 18 İsraillilər səhra ilə gedib Edomla Moav torpaqlarının ətrafından keçərək Moav ölkəsinin şərqinə çatdı və Arnon vadisinin o biri tərəfində düşərgə saldılar. Lakin Moavın sərhədini keçmədilər, ona görə ki Arnon Moavın sərhədi idi. 19 İsraillilər Emorluların padşahı – Xeşbon padşahı Sixonun yanına qasidlər göndərib demişdi: “Rica edirik, öz ölkəmizə çatana qədər sənin torpağından keçmək üçün bizə izin verəsən”. 20 Amma Sixon öz torpağını yol keçmək üçün İsraillilərə etibar etmədi və bütün xalqını toplayaraq Yahsada ordugah qurub İsraillilərə qarşı döyüşdü. 21 İsrailin Allahı Rəbb Sixonu və onun bütün xalqını İsraillilərə təslim edəndə onları məğlub etdilər. Beləliklə, İsraillilər o yerdə yaşayan Emorluların torpağını irs olaraq aldı. 22 Arnondan Yabboq çayına qədər, səhradan İordan çayına qədər bütün Emor torpaqlarını İsraillilər irs olaraq aldı. 23 İndi İsrailin Allahı Rəbb Öz xalqı İsraillilərin qarşısından Emorluları qovandan sonra sənmi buraya sahib çıxacaqsan? 24 Allahın Kemoşun sənə verdiyi torpağı özünə irs etməzsənmi? Biz də Allahımız Rəbbin bizə verdiyi torpağı özümüzə irs edəcəyik. 25 İndi sənin Moav padşahı Sippor oğlu Balaqdan nəyin yaxşıdır? Gör o, İsraillə heç çəkişdimi? Yaxud onlara qarşı heç döyüşdümü? 26 Üç yüz il İsrail Xeşbon ilə Aroerdə, bunların ətraf qəsəbələrində və Arnon vadisi boyunca yerləşən bütün şəhərlərdə yaşadığı müddətdə niyə bu torpaqları geri almadınız? 27 Mən sənə qarşı günah etmədim. Lakin sən mənə qarşı döyüşməklə mənə pislik edirsən. Qoy hakim olan Rəbb bu gün İsrail övladları ilə Ammon övladları arasında hökm etsin». 28 Lakin Ammon padşahı İftahın ona göndərdiyi sözlərə qulaq asmadı. 29 İftahın üzərinə Rəbbin Ruhu endi. O, Gileaddan və Menaşşedən keçdi, sonra Gileaddakı Mispadan keçib Ammon övladlarının üstünə getdi. 30 İftah Rəbbə əhd edib dedi: «Əgər Ammon övladlarını, həqiqətən, mənə təslim etsən, 31 o zaman Ammon övladları ilə döyüşdən sağ-salamat qayıdanda mənim evimin darvazasından qarşıma birinci nə çıxarsa, Rəbbin olacaq və onu yandırma qurbanı edəcəyəm». 32 İftah Ammon övladları ilə döyüşə çıxdı. Rəbb də Ammon övladlarını İftaha təslim etdi. 33 Aroerdən Minnitə çatana qədər iyirmi şəhəri və Avel-Keramimə qədər Ammon övladlarını çox böyük məğlubiyyətə uğratdı. Onlar İsraillilərə tabe oldular. 34 İftah Mispaya, öz evinə qayıtdı. Budur, İftahın qızı dəf çalıb oynayaraq onu qarşılamağa çıxdı. Bu onun yeganə övladı idi, ondan başqa nə oğlu, nə də qızı var idi. 35 O, qızını görəndə paltarını cırıb dedi: «Vay, qızım! Belimi əydin, qəddimi əyənlərdən biri də sən oldun! Mən Rəbbə əhd etmişəm, artıq sözümdən dönə bilmərəm». 36 Qızı ona dedi: «Ata, sən Rəbbə əhd etmisən. Madam ki Rəbb düşmənlərindən, Ammon övladlarından sənin üçün qisas aldı, söz ağzından necə çıxıbsa, mənə eləcə də et». 37 Sonra qız atasına dedi: «Ancaq bu arzumu yerinə yetir: mənə iki ay izin ver, qoy rəfiqələrimlə dağları gəzib-dolaşaraq öz nakam qızlığım üçün ağlayım». 38 Atası ona «yaxşı, gedə bilərsən» deyərək ona iki ay müddətinə izin verdi. O da rəfiqələri ilə bərabər gedib dağlarda öz nakam qızlığına ağladı. 39 İki ay keçəndən sonra atasının yanına qayıtdı və atası onun barəsində etdiyi əhdi yerinə yetirdi. Qız ərə getməmişdi. Bundan sonra İsraildə belə bir adət oldu: 40 hər il İsrail qızları gedib Gileadlı İftahın qızı üçün ildə dörd gün yas tutdular.

< Hakimlər 11 >