< Yeşua 7 >

1 Amma İsrail övladları məhv edilməyə həsr olunmuş şeylərə münasibətdə xəyanət etdilər. Çünki Yəhuda qəbiləsindən Zerah oğlu Zavdi oğlu Karmi oğlu Akan məhv edilməyə həsr olunmuş şeylərdən götürdü. Ona görə də Rəbbin qəzəbi İsrail övladlarına qarşı alovlandı. 2 Yeşua Yerixodan Bet-Elin şərqində, Bet-Avenin yanında olan Ay şəhərinə adamlar göndərib onlara dedi: «Gedin, ölkəni gözdən keçirin». Adamlar çıxıb Ay şəhərini gözdən keçirdilər. 3 Onlar Yeşuanın yanına qayıdıb dedilər: «Bütün xalq getməsin, ancaq iki ya üç min nəfərə qədər adam gedib Ay şəhərini məhv etsin. Bütün xalqı oraya göndərib yorma, çünki onlar azdır». 4 Beləliklə, oraya xalqın üç min nəfərə qədəri getdi, lakin onlar Ay sakinlərinin qarşısından qaçdılar. 5 Aylılar onlardan otuz altı nəfəri öldürüb, İsrailliləri şəhərin darvazasının qabağından daş çıxarılan yerə qədər qovdular və onları enişlikdə qırdılar. Bundan sonra xalqın ürəyi qorxudan dəhşətə gəldi. 6 Yeşua paltarını cırdı, özü və İsrailin ağsaqqalları Rəbbin sandığı önündə axşama kimi yerə yıxılıb başlarına torpaq tökdülər. 7 Yeşua dedi: «Ah, ey Xudavənd Rəbb, bizi Emorlulara təslim etmək, bizi məhv etmək üçünmü bu xalqı İordan çayından keçirtdin? Kaş ki İordan çayının o tayında qalıb yaşayaydıq. 8 Ah, ey Xudavənd, İsraillilər düşmənin qarşısından qaçandan sonra mən nə deyə bilərəm? 9 Bundan sonra Kənanlılar və bu ölkədə yaşayan bütün xalqlar eşidəcək, bizi mühasirəyə alıb adımızı yer üzündən siləcəklər. Bəs Sən Öz böyük adın üçün nə edəcəksən?» 10 Rəbb Yeşuaya dedi: «Qalx, nə üçün belə üzüstə yıxılmısan?» 11 İsraillilər günah etdilər və onlara əmr etdiyim əhdimi pozdular. Məhv edilməyə həsr olunmuş şeylərdən götürdülər, onlardan oğurladılar, gizlədərək öz əşyaları arasına qoydular. 12 Buna görə də İsrail övladları düşmən qabağında dura bilmir, düşmənin qarşısından qaçdılar. Çünki onlar özləri də məhv edilməyə həsr olunmuşlar. Əgər məhv edilməyə həsr olunmuş şeyləri aranızdan yox etməsəniz, bir daha sizinlə olmayacağam. 13 Qalx, xalqı təqdis et və de: «Sabahkı gün üçün özünüzü təqdis edin, çünki İsrailin Allahı Rəbb belə deyir: “Ey İsraillilər, aranızda məhv edilməyə həsr olunmuş şey var. Onu aranızdan götürməsəniz, düşmənləriniz qarşısında dura bilməyəcəksiniz. 14 Sabah hamınız qəbilələrinizə görə Rəbbin hüzuruna çıxacaqsınız və Onun göstərdiyi qəbilə nəsillərə görə irəli çıxacaq. Rəbbin göstərdiyi nəsil ailələrə görə irəli çıxacaq. Rəbbin göstərdiyi ailə kişilərə görə irəli çıxacaq. 15 Məhv edilməyə həsr olunmuş şeylərə xəyanət edən adam və ona aid olanların hamısı odda yandırılacaq, çünki o, Rəbbin əhdini pozmuşdur və İsraildə rüsvayçılıq etmişdir”». 16 Yeşua səhər tezdən qalxdı və İsraillilərin qəbilələrinə görə Rəbbin hüzuruna çıxmasını əmr etdi və Yəhuda qəbiləsi göstərildi. 17 Yəhuda qəbiləsini irəli çıxardı və Zerah nəsli göstərildi. Zerah nəslini ailələrinə görə irəli çıxardı və Zavdi ailəsi göstərildi. 18 Zavdi ailəsini kişilərinə görə irəli çıxardı və Yəhuda qəbiləsindən Zerah oğlu Zavdi oğlu Karmi oğlu Akan göstərildi. 19 Yeşua Akana dedi: «Oğlum, buyur, İsrailin Allahı Rəbbi izzətləndir və Onun önündə etiraf et. Nə etmisən? İndi mənə bildir, məndən gizlətmə». 20 Akan Yeşuaya cavab verdi: «Həqiqətən, mən İsrailin Allahı Rəbbə qarşı günah edərək belə elədim: 21 talan malından Babil malı olan gözəl bir paltar, iki yüz şekel gümüş və ağırlığı əlli şekel olan bir qızıl külçə görəndə onlara tamah salıb götürdüm. Budur, ən altda gümüş olmaqla hamısını çadırımın ortasında torpağa basdırmışam». 22 Yeşua adamlar göndərdi və onlar çadıra qaçdılar. Şeylər ən altda gümüş olmaqla onun çadırında gizlədilmişdi. 23 Onları çadırın içindən götürüb Yeşuanın və bütün İsrail övladlarının yanına gətirdilər və Rəbbin önündə yerə qoydular. 24 Yeşua, onunla birgə bütün İsraillilər, Zerah oğlu Akanı, gümüşü, paltarı, qızıl külçəni, onun övladlarını, qızlarını, mal-qarasını, eşşəklərini, qoyun-quzularını, çadırını və bütün malını götürüb Akor dərəsinə çıxartdılar. 25 Yeşua dedi: «Nə üçün bizi bəlaya saldın? Rəbb bu gün səni bəlaya salacaq». Bütün İsraillilər onu və onunla olanları da daşqalaq edib sonra odda yandırdılar. 26 Onların üstünə böyük daş qalağı yığıldı və o bu günə qədər də durur. Bundan sonra Rəbbin qəzəb alovu söndü. Bunun üçün bu günə qədər o yerin adına Akor dərəsi deyilir.

< Yeşua 7 >