< Yeşua 4 >

1 Bütün millət tamamilə İordan çayını keçəndən sonra Rəbb Yeşuaya dedi: 2 «Hər qəbilədən bir adam olmaqla özünüzə xalqdan on iki adam götürün. 3 Onlara əmr et ki, buradan, İordan çayının ortasından, kahinlərin ayaqlarının möhkəm durduğu yerdən on iki daş götürsünlər. Bu daşları aparıb bu gecə qaldığınız yerdə qoyun». 4 Yeşua hər qəbilədən bir adam olmaqla İsrail övladlarının arasından seçdiyi on iki adamı çağırdı. 5 Yeşua onlara dedi: «Allahınız Rəbbin sandığı önündən İordan çayının ortasına keçib İsrail qəbilələrinin sayına görə hərəniz çiyninizə bir daş götürün. 6 Qoy bu sizin aranızda bir əlamət olsun. Sizdən sonra övladlarınız “Bu daşlar nədir?” deyərək soruşanda 7 onlara belə deyərsiniz: “İordan çayının suları Rəbbin Əhd sandığının önündə kəsildi. Əhd sandığını İordan çayından keçirəndə İordan çayının suları kəsilmişdi”. Bu daşlar İsrail övladlarına əbədi bir xatirə olacaq». 8 İsraillilər Yeşuanın əmr etdiyi kimi etdilər və Rəbbin Yeşuaya dediyi kimi İsrail qəbilələrinin sayına görə İordan çayının ortasından on iki daş götürdülər, özləri ilə gecə qalacaqları yerə aparıb onları orada yerə qoydular. 9 Sonra Yeşua İordan çayının ortasında Əhd sandığını daşıyan kahinlərin ayaqlarının möhkəm durduğu yerə on iki daş qoydu. Onlar bu günə qədər oradadır. 10 Musanın Yeşuaya dediyi kimi xalqa demək üçün Rəbbin Yeşuaya əmr etdiyi şeylər qurtarana qədər sandığı daşıyan kahinlər İordan çayının ortasında dayandılar, xalq isə tələsərək çayı keçdi. 11 Xalq çayı keçib qurtarandan sonra Rəbbin sandığı və kahinlər xalqın önünə keçdilər. 12 Ruvenlilər, Qadlılar və Menaşşe qəbiləsinin yarısı Musanın onlara dediyi kimi silahlanaraq İsrail övladlarının önündə çayı keçdi. 13 Döyüş üçün silahlanmış qırx minə yaxın adam Rəbbin önündə Yerixo düzənliklərinə keçdi. 14 O gün Rəbb Yeşuanı bütün İsrail xalqının gözündə ucaltdı. Onlar da Musadan çəkindiyi kimi Yeşuadan da onun ömrü boyu çəkindilər. 15 Rəbb Yeşuaya söyləyib dedi: 16 «Şəhadət sandığını daşıyan kahinlərə əmr et ki, İordan çayından çıxsınlar». 17 Yeşua da kahinlərə «İordan çayından çıxın!» deyə əmr etdi. 18 Rəbbin Əhd sandığını daşıyan kahinlər İordan çayının ortasından çıxanda kahinlərin ayaqları quru torpağa dəyən kimi İordan çayının suları öz yerinə qayıtdı. Yenə əvvəlki kimi bütün sular daşıb sahilləri basdı. 19 Birinci ayın onuncu günündə xalq İordan çayından çıxıb Yerixonun şərq sərhədində olan Qilqalda ordugah qurdu. 20 Yeşua İordan çayından götürülmüş həmin on iki daşı Qilqalda qoydu. 21 O, İsrail övladlarına dedi: «Sonra övladlarınız atalarından “Bu daşlar nəyə görədir?” deyib soruşanda 22 övladlarınıza bəyan edin: “İsraillilər İordan çayını quru yer üzərində keçib”. 23 Çünki Allahınız Rəbb biz keçənə qədər qarşımızda qurutduğu Qırmızı dəniz kimi İordan çayının sularını da siz keçənə qədər qarşımızda qurutdu ki, 24 yer üzünün bütün xalqları Rəbbin əlinin qüdrətli olduğunu bilsin və siz də bütün ömrünüz boyu Rəbdən qorxasınız».

< Yeşua 4 >